AZ   |   RU
Rusiya nə vaxt parçalanacaq? - Can verən imperiyanın son çırpıntıları

Rusiyanın rəhbərliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin hərbi qüvvələrinin Qazaxıstana daxil olması dünyanın əsas gündəm xəbərinə çevrilib. Bir çox siyasi analitiklər faktiki olaraq Rusiyanın nəzarətində olan qoşunlarının Qazaxıstana daxil olmasını ölkənin suverenliyinin itilməsi kimi qiymətləndirirlər. Hətta Moskvanın addımlarını işğal kimi də qiymətləndirənlər var.
 

Müşahidələr göstərir ki, Rusiya təcavüzkar siyasətindən əl çəkmək niyyətində deyil. Moskva hər vəclə post-sovet ölkələrini öz nəzarətində saxlamağa çalışır, tabe olmaq istəməyən dövlətlərə isə hərbi müdaxilə etməkdən belə çəkinmir.

Rəsmi Moskva uzun illərdir qonşu dövlətlərdəki etnik qrupları məqsədli şəkildə təxribatlara təhrik etsə də tərkibindəki xalqların azadlıq hərəkatını amansızlıqla boğmağa çalışır. Amma son dövrlər Rusiyanın da parçalanacağı, tərkibindəki xalqların müstəqillik qazanacağı ilə bağlı proqnozlar səsləndirilir. İddia edilir ki, Sovet İttifaqının tərkibində olan dövlətlər 70 il sonra imperiyanın caynağından xilas olub müstəqillik qazana biliblərsə, demək ki, hazırda Rusiyanın tərkibindəki Muxtar Respublikalar da azadlığa çıxmağa nail olacaq.
 
Bəs Rusiya nə vaxt Sovet İttifaqının aqibəti yaşayacaq?
 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Missiya.Az-a açıqlamasında bildirib ki, Rusiyanın Sovet İttifaqının aqibətini yaşaması qaçılmazdır:
 
“Rusiya prezidenti Vladimir Putin post-sovet dövlətlərinə qarşı çox aqressiv siyasət yürüdür və həmin ölkələrdə nəzarətini gücləndirməyə çalışır. Moskvanın Qazaxıstana hərbi qüvvə göndərməsi Kremlin qonşu dövlətlərə qarşı aqressiv siyasi xəttinin dəyişmədiyinin göstəricisidir. Amma proseslər həmişə Rusiyanın istədiyi kimi davam etməyəcək. Çünki Vladimir Putin qocalıb və səhhətində problemlər var. Putindən sonra Rusiyanın vəziyyəti o qədər də yaxşı olmayacaq. Rusiyanın həmlələri can verən İmperiyanın son çırpıntılarıdır”. 


 
Qabil Hüseynli Rusiyada etnik qruplarla mərkəzi hakimiyyət arasında münasibətlərin gərgin olmasına da toxunub:
 
“90-cı illərin əvvəllərində Çeçenistan müstəqilliyini elan etdi. Amma Rusiya hakimiyyəti hərbi yolla çeçenlərin mübarizəsini boğdu. İndi isə tatarlarla mərkəzi hakimiyyət arasında münasibətlər gərgindir. Xırda bir qığılcım Rusiyada etnik münaqişəni alovlandırar və bununla da Rusiyanın parçalanma prosesi başlaya bilər”.

 
Xarici ekspertlər də hesab edirlər ki, Rusiyanın son dövrlər nümayiş etdirdiyi aqressiv davranışlar, bu dövlətin sonunun yaxınlaşmasından xəbər verir. Qarşıdakı mərhələdə Rusiyanın tərkibindəki Muxtar Respublikaların müstəqillik tələbi ilə üzləşəcəyini proqnozlaşdıran analitiklərin hesablamalarına görə yaxın beş ildə Rusiya daxilində ciddi təlatümlər yaşanacaq.
 
Elvin Məmmədov
Missiya.Az


  • 7-01-2022, 18:21