Azərbaycan güləşçilərinin 2021-ci ildə beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.
Missiya.Az xəbər verir ki, Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, idmançılar bütün beynəlxalq turnirlər nəzərə alınmaqla, ümumilikdə 143 medala sahib çıxıblar. Bunların 35-i qızıl, 42-si gümüş, 66-sı isə bürünc əyarlıdır.
Pəhləvanların Tokio-2020 Yay Olimpiya Oyunlarındakı qazancı 1 gümüş və 2 bürünc medal olub. Yaponiya paytaxtında Hacı Əliyev (65 kq) ikinci, Rafiq Hüseynov (77 kq) ilə Mariya Stadnik (50 kq) isə üçüncü yeri tutub.
Dünya çempionatlarında ümumilikdə 31 (5 qızıl, 6 gümüş, 20 bürünc), Avropa çempionatlarında isə 39 (11 qızıl, 12 gümüş, 16 bürünc) medal əldə edilib. Bundan başqa, Rusiyanın Kazan şəhərində keçirilmiş I MDB Oyunlarında ümumilikdə 16 medal (6 qızıl, 4 gümüş, 6 bürünc) qazanılıb.
Makedoniyada U-23 Avropa çempionatında sərbəst güləş üzrə milli komanda 1 qızıl, 3 gümüş və 3 bürünc medalla 3-cü yeri tutub. Güləşin bu növündə Almaniyada təşkil olunmuş gənclərin analoji yarışında da yığma 3 qızıl və 1 gümüş medalla kifayətlənib. Gənc yunan-Roma güləşçiləri isə Rusiyada baş tutmuş dünya çempionatında 1 "qızıl", 1 "gümüş" və 2 "bürünc"ə yiyələniblər. Norveçin paytaxtı Osloda böyüklər arasında dünya çempionatında yunan-Roma güləşi üzrə milli komanda 1 qızıl, 1 gümüş və 2 bürünc medalla dünya 3-cüsü olub. Yeri gəlmişkən, Oslodakı nəticələrə əsasən, həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komandalar gələn il keçiriləcək Dünya Kubokunda iştirak hüququ qazanıb.
Yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Bolqarıstanın Samokov şəhərində 4 qızıl və 3 bürünc medalla komanda hesabında Avropa çempionu adını qazanıb.