AZ   |   RU
Paşinyanın son Qarabağ bəyanatının pərdəarxası: Azərbaycanın maraqları və radikal ermənilərin baş nazirə təzyiqi

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı son bəyanatları həm Azərbaycan, həm də Ermənistan cəmiyyətində geniş müzakirə edilir. 

Əvvəlcə Nikol Paşinyan Qarabağla nələr dediyini xatırlayaq: 

Ermənistan hökumətinin başçısı xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, lakin o vaxtdan bəri regionun statusu məsələsi ilə ATƏT-in Minsk qrupu məşğul olub. 2016-cı ildə isə status məsələsi yenidən BMT Təhlükəsizlik Şurasına qaytarılıb və bu, Paşinyanın fikrincə, Ermənistan üçün “fəlakət” idi, çünki bu mötəbər beynəlxalq qurum çərçivəsində Qarabağın statusu ilə hesablaşmaq mümkün deyil.

Ermənistanın baş naziri həmçinin bəyan edib ki, o, əvvəlki hakimiyyətin “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır” ifadəsi ilə heç vaxt razılaşmayıb.

“Mən bu ifadə ilə razı deyiləm, çünki Qarabağ tamamilə erməni ola bilməzdi. Əhalinin demoqrafik tərkibini nəzərə alsaq, heç bir halda. Danışıqların məzmunundan aydın görünürdü ki, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni və azərbaycanlı əhali yaşayır. Aydındır ki, Qarabağdakı hakimiyyət də tam erməni ola bilməz. Qarabağda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələ mübahisəli olmayıb və olmayacaq. Mən bu barədə dəfələrlə ictimaiyyət qarşısında çıxış etmişəm. Ən azı bu hissədə əvvəllər danışıqlarda iştirak etmiş dairələrin nümayəndələri təsdiqlədilər ki, Dağlıq Qarabağ Muxtar Vilayəti danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərə alınmayıb. Dağlıq Qarabağ Muxtar Vilayəti heç vaxt sırf erməni birliyi hesab edilməyib. Bu, ən azı əhali baxımından erməni-Azərbaycan birliyi kimi qəbul edilib, müşahidə edilib, qeydə alınıb”. 

Paşinyanın bu fikirləri azərbaycanlı və erməni siyasi şərhçilər tərəfindən müxtəlif istiqamətlərdə şərh edilir. 

Ermənistanın siyasi analitikləri baş nazirin Qarabağdan imtina etdiyini, Azərbaycan və Türkiyənin maraqlarına uyğun davrandığını yazır. Azərbaycanın siyasi şərhçiləri isə erməni cəmiyyətində kanstruktiv fikirlərin özünə yer tapmağa başladığını, Nikol Paşinyanın Ermənistanı dirçəltmək, iqtisadiyyatını gücləndirmək üçün Azərbaycan və Türkiyə ilə hesablaşmağa məcbur olduğunu  vurğulayırlar. 

Millət vəkili Aydın Mirzəzadə Missiya.Az-a açıqlamasında bildirib ki, Ermənistan cəmiyyətində müəyyən bir hissə Azərbaycanla müharibə aparmağın, ərazi iddiaları etməyin mənasızlığını anlayıb. 

“44 günlük Vətən Müharibəsində Azərbaycan özünün həm iqtisadi, həm siyasi, həm də hərbi gücünü göstərməyi bacardı. Azərbaycanın bu qələbəsi Ermənistan cəmiyyətində müəyyən təfəkkür dəyişikliklərinə gətirib çıxarır. Düzdür, Ermənistanda bir neçə revanşist qrup var ki, hakimiyyəti Azərbaycanla qarşıdurmaya sürükləmək istəyir. Amma bununla belə İrəvandan ara-sıra reallığa uyğun fikirlər eşitmək mümkün olur”. 
 
Aydın Mirzəzadənin sözlərinə görə, baş nazir Nikol Paşinyanın son günlər Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı səsləndirdiyi fikirlər məcburiyyətdən irəli gələn məsələdir.

“Çünki Azərbaycanın ərazi bütövlüyünü tanımadan, ölkəmizin suveren hüquqlarına hörmət etmədən, rəsmi Bakı ilə hər hansı sülh müqaviləsindən söhbət gedə bilməz. Onsuz da Ermənistanı sabahı yoxdur. İqtisadiyyatı çox zəifdir, dənizə çıxışı yoxdur və şirkətlər ölkəyə sərmayə qoymaqda maraqlı deyil. Yalnız Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər qurularsa, Ermənistan öz iqtisadi problemlərini həll edə bilər. Bu səbəbdən Paşinyan Azərbaycanla münasibətləri qurmağa məcburdur. Bu baxımdan, son bəyanatlar Ermənistan cəmiyyətində həqiqətin yer aldığını göstərir. Gələcək göstərəcək ki, Ermənistan rəhbərliyi öz çıxışlarında səmimidir ya yox. Azərbaycan sözlərə yox, Ermənistanın atacağı addımlara qiymət verəcək”. 

Siyasi analitik Elxan Şahinoğlu isə baş nazir Nikol Paşinyanın Qarabağla bəyanatından sonra ona daxildəki radikal müxalifət və xaricdəki lobbi nümayəndələri tərəfindən təzyiqlərin artacağını vuğulayıb. Analitik bildirib ki, Paşinyan təzyiqlərə qarşı gəlmək üçün Azərbaycan və Türkiyə ilə əlaqələrin inkişafına, Ermənistan iqtisadiyyatının dirçəldilməsinə ümid edir.  

“Baş nazir Nikol Paşinyan Qarabağın Azərbaycana aid olduğunu deməklə qarşısında müxtəlif gücləri gördü və görəcək. Bu sıraya Ermənistandakı radikal müxalifəti, o cümlədən “Qarabağ klanını”, Qarabağdakı separatçıları və müxtəlif ölkələrdəki erməni lobbisini aid etmək olar. Bu güclər Paşinyana qarşı biləşəcək. Belə olan Paşinyanı və ona dəstək verənləri nə xilas edə bilər? Paşinyan ümid edir ki, Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərini açmaqla, iki dövlətlə münasibətləri normallaşdıracaq sazişlər imzalamaqla Ermənistanı indiki ağır siyasi, iqtisadi və sosial vəziyyətdən çıxaracaq. Başqa sözlə Paşinyanın ümidi Bakı ilə Ankarayadır. Demək, iplər bizim əlimizdədir. Əgər Paşinyan sözdə və əməldə eyni siyasəti yürüdəcəksə, o cümlədən “Qarabağ Azərbaycana aiddir” deməkdə davam edəcəksə, onun radikallardan qorunması ilə bağlı müvafiq addımlar atmaq məcburiyyətində qalacağıq”. 

Görünən odur ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə olunmuş hərbi qələbəni diplomatik sferada da davam etdirir və masada öz şərtlərini diqtə etməyi bacarır. Rəsmi Bakının əsas şərtlərindən biri Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasıdır. Paşinyanın bəyanatlarından aydın olur ki, Ermənistan hakimiyyəti Qarabağın Azərbaycan ərazisi kimi tanımağa məcburdur və bununla bağlı əməli addımlar atmağı planlaşdırır. 

Elvin Məmmədov
Missiya.Az


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.5. (Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması) hazırlanmışdır.     



  • 27-12-2021, 16:07