Bu gün Nizami rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni İl münasibətilə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil olunub.
Missiya.Az xəbər verir ki, bayram şənliyi Nizami rayon İcra Hakimiyyəti və Missiya Media Qrupunun birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə şəhid anaları, şəhidlərin və qazilərin ailə üzvləri, onların övladları, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayil Əliyev, Nizami rayon Mədəniyyət Mərkəzinin rəhbəri Laura Quliyeva, Missiya Media Qrupun nümayəndləri, eləcə də eləcə də Nizami rayonunun ictimai fəalları iştirak edib. Tədbir iştirakçıları çıxışlardan əvvəl şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edənlər Azərbaycan Ordusunun Vətən Müharibəsindəki qələbələrindən, şəhidlərin və qazilərin qəhrəmanlığından danışıblar. Nizami rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev deyib ki, Azərbaycanın qəhrəman övladları xalqımızın qəlbində daim yaşayacaq. İldırım Mehdiyev qeyd edib ki, Azərbaycan xalqı yüz illər boyu Vətən uğrunda canından keçən şəhidlərimizə minnətdar olacaq.
Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayil Əliyev çıxışı zamanı bildirib ki, xalqımızın 30 illik Qarabağ həsrətinə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günə son qoyulub. Mail Məmmədov Azərbaycan xalqının qalib xalq olduğunu vurğulayıb və qələbəmizdə şəhidlərimizin və qazilərimizin misilsiz rolunun olduğunu deyib.Tədbirdə çıxış edən Missiya TV və Missiya.Az-ın baş redaktoru Nicat Dağlar tədbir iştirakçılarına əvvəlcə Missiya Media Qrupun rəhbəri Ramin Əhmədovun salamlarını çatdırıb. O bildirib ki, təmsil etdiyi media orqanı Prezident İlham Əliyevin çağırışlarına uyğun olaraq daim şəhid və qazi ailələrinin yanındadır. Nicat Dağlar bundan sonra da şəhid və qazi ailələri ilə bağlı müxtəlif layihələrin həyata keçiriləcəyini deyib.
Tədbirdə çıxış edənlər, şəhid ailələri və qazilər Prezident İlham Əliyevi 60 illik yubleyi münasibəti ilə təbrik edib, Vətən Müharibəsindəki qələbəyə görə Ali Baş Komandana minnətdar olduqlarını vurğulayıblar. Bayram şənliyinin sonunda şəhid və qazi övladları üçün müxtəlif personajların təqdimatında əyləncəli səhnəciklər nümayiş etdirilib. Tədbirin sonunda şəhid və qazi övladlarına Nizami rayon İcra Hakimiyyəti və Missiya Media Qrupu adından bayram hədiyyətləri təqdim edilib.