"
Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbin qovşağında yerləşməklə yanaşı, həm də mədəniyyətlərin qovuşduğu bir ölkədir. Ən qədim zamanlardan bəri mədəniyyətlərin beşiyi olan bir ölkədir. Bu coğrafiyada meydana gəlib təşəkkül tapan, inkişaf edib zənginləşən mədəniyyətdən dünyanın bir çox xalqlarına pay düşüb. Bu mədəniyyət yüzillərin, minillərin keşməkeşlərindən keçərək həm də ona görə günümüzə qədər gəlib çıxıb ki, bu ölkənin hökmdarları, dövlət adamları bu sərvətə və onun yaradıcılarına, daşıyıcılarına dəyər veriblər, ehtiram göstəriblər. Bir tərəfdə qılınc-xəncər dayanıbsa, digər tərəfdə saz dayanıb. Bir tərəfdə top-tüfəng dayanıbsa, digər tərəfdə muğam dayanıb".
Missiya.Az xəbər verir ki, bu sözləri deputat Əziz Ələkbərli deyib.
O qeyd edib ki, təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ilk addımı qələbəmizin rəmzi olan Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi oldu! Bunun ardınca “Xarıbülbül” musiqi festivalının, Vaqif poeziya günlərinin, Nizami Gəncəvinin 880 illik, Aşıq Ələsgərin 200 illik yubileylərinin keçirilməsi, 2021-ci ilin Nizami Gəncəvi ili elan edilməsi barədə Sərəncamlar gəldi.
Çox keçmədi, Şuşa məscidlərinin bərpasına başlanıldı, Xanqızı Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün erməni faşistləri tərəfindən güllələnmiş heykəlləri Şuşaya qayıtdı, Vaqifin dağıdılmış məqbərəsi bərpa edildi, mayın 12-də və 13-də “Xarıbülbül” Musiqi Festivalı, avqustun 30-da Vaqif Poeziya Günləri keçirildi. Ölkənin hər yerində Nizami Gəncəvi, Aşıq Ələsgər tədbirləri təşkil edilir. Nəhayət, bu günlərdə Aşıq Ələsgərin Bakı şəhərində heykəlinin ucaldılması ilə bağlı Prezident Sərəncamı imzalandı.
Əziz Ələkbərli bu barədə fikirlərini belə izah edib: "Bütün bunlar XXI yüzil Azərbaycan tarixinin əvəzedilməz Şəxsiyyəti, qüdrətli dövlət xadimi, siyasi iradəsi və qətiyyəti ilə torpaqlarımızın 30 illik işğalına son qoyan, erməni vəhşiliyinin, dünya erməniliyinin belini sındıran Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə verdiyi yüksək dəyərin parlaq nümunəsidir. Prezident İlham Əliyevin mədəniyyətə verdiyi bu yüksək qiymət Ulu Öndər Heydər Əliyevin bütün ömrü boyu yeritdiyi xəttin davamıdır. 2003-cü ildə hakimiyyətə gəldikdən sonra Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı xətdir. Bu xəttin həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, elmin, təhsilin, mədəniyyətin böyük hamisi Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Azərbaycan mədəni irsinin inkişafı, təbliği, dünyada tanıdılması sahəsində Mehriban xanımın qaldırdığı təşəbbüsləri, atdığı addımları, əldə etdiyi nailiyyətləri saymaqla qurtarmaz. İngiltərədə, Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır. 44 günlük Vətən Müharibəsində Azərbaycanın haqq səsini xaricdə eşidən, müdafiə edən nə qədər ölkə, dövlət adamı, siyasətçi, mədəniyyət xadimi, sıravi insan oldusa, hamısında UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlərin müstəsna rolu vardır.
Hazırda Azərbaycan öz tarixinin və taleyinin ən şanlı, qürurverici dövrünü yaşayır. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsində qazandığı Zəfərin qürurunu yaşayır! Qalib Orduya, güclü dövlətə və milli birlik və həmrəyliyə malik olmağın qürurunu yaşayır! Azərbaycan xalqı dünya liderləri sırasında yer alan İlham Əliyev kimi qüdrətli bir Prezidenti olmağın qürurunu yaşayır! Və biz inanırıq ki, bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirməklə, Azərbaycan ordusunu daha da gücləndirməklə, Azərbaycan xalqını azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşdirməklə yanaşı, Azərbaycan mədəniyyətinə diqqət və qayğısını da, indiyə qədər olduğu kimi, daim diqqət mərkəzində saxlayacaqdır. Biz bunu cənab Prezidentin yeni sərəncamlarında, çıxışlarında, fəaliyyətində görəcəyik, şahidi olacağıq. Və bu, bizi yeni-yeni uğurlara, zəfərlərə aparacaqdır. Böyük Cavid demişkən:
Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!"