Kəpəzdən İlanlı Dağa uzanan yol yenə də ulu Göyçənin üstündən keçir.Heydər Əliyevin adı və fəaliyyəti Azərbaycan etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O zamanın, məkanın və siyasətin fövqündə duran dahi şəxsiyyət idi. Həmişə deyirdik ki, onun böyüklüyünü zaman keçdikcə daha aydın görəcəyik. Əldə etdiyimiz tarixi Zəfərimiz kontekstində bu böyüklük daha məzmunlu və daha aydın görünür! Eyni zamanda Azərbaycandan kənarda, istər keçmiş postsovet məkanında istəsə də türk mədəniyyəti arealının istənilən guşəsində bu dahi şəxsiyyətin adının necə hörmət və ehtiramla çəkildiyini həmişə görürük. Türk Ağsaqqaları Birliyinin dəvəti ilə qardaş Türkiyədə, doğma İqdır şəhərində anım günləri ilə bağlı keçiriləcək tədbirdə iştirak etmək üçün dəvət alanda heç tərəddüd etmədən razılıq verdim. Çünki səfərimiz Böyük Heydər Əliyevin ən çətin günlərdə dayaq durduğu və elə qarşılıqlı şəkildə də ən çətin günlərdə ona dayaq olan Naxçıvan üzərindən baş tutacaqdı. Təyyarəmiz yenicə açılmış hava koridoru ilə Ermənistan üzərindən şığıyaraq Naxçıvana yaxınlaşırdı. Kəpəzin üzərindən, Göyçə gölünün üstündə uçaraq Haça Dağa (İlanlı Dağ) hava körpüsü salan dəmir qanadlı quş heç bir saat keçməmiş Naxçıvan Beynəlxalq hava limanına eniş etdi.
Naxçıvan bizi gülərüz və yüksək qonaqpərvərliklə qarşıladıHəmişə olduğu kimi Naxçıvan bizi öz yüksək qonaqpərvərliyi, səliqə-sahmanı ilə qarşıladı. İlk dayanacağımız Ulu Öndərin heykəlinin önü oldu. Heykəlin önünə gül dəstələri qoyaraq, dərin hörmət və ehtiramımızı ifadə edərək Heydər Əliyev Muzeyinə üz tutduq. Öz nadir və orjinal eksponatları ilə bizi valeh edən muzeyi dolaşdıq. Muzeyin rəhbəri axıcı, rəvan bir dillə bildiyi zəngin məlumatları bizimlə bölüşdü. Doğrusu nitqi o qədər xoşuma gəldi ki, fürsət tapıb dilimizin imkanlarını belə yüksək səviyyədə təqdim etmə bacarığına görə ona təşəkkürümü də bildirdim. Və əlbətdə böyük dövlət xadimi, Ulu Öndərin siyasi irsindən bəhs edən Azərbaycanda yeganə dərslik olan, müəllifi olduğum “Heydər Əliyevin siyasi irsinin politoloji aspektləri” adlı dərsliyimi də bu nadidə Muzeyə hədiyyə etməyi unutmadım. Əsil Naxçıvan qonaqpərvərliyi ilə nahar etdikdən sonra İqdıra, Ümid Körpüsünə doğru yola çıxdıq.
Ümid körpüsündən, Xan Arazın üstündən keçib İqdıra çatdıqİqdır bizi bahardan qalma günəşli bir qış günü ilə qarşıladı. Əslində başqa bir ölkədə olmağımızı əsla hiss etmədik. Eyni dil, eyni mədəniyyət ortamında olmaq gerçəkliyi mənə bir daha Ulu Öndər Heydər Əliyevin məhşur kəlamını xatrırlatdı. Türkiyə ilə Azərbaycan bir millət iki dövlətdir. Heydər Əliyevin anım tədbilərinə Aralıq ilçəsindən başladıq. Bu qəsəbənin canayaxın insanları sədaqət, vəfa, vətənpərvərlik təcəssümüdürlər. Çətin günlərdə Naxçıvana arxa dayaq olublar. Heydər Əliyev dəfələrlə bu qəsəbədə olub. Vəfalı Aralıq cammatı o günlərin əziz xatirəsi kimi saxladıqları şəkillərdən xüsusi albom düzəldiblər. Tədbir zamanı bu fotoalbomu da xüsusi texniki vasitələrlə böyük formatda nümayiş etdirdilər. 20 Yanvar hadisələrindən başlamış tarixi Zəfərimizə qədər, kədərli və sevincli günlərimizdə necə bizimlə bərabər olduqlarını həm video görüntülər, həm də etdikləri çıxışlarla anlatdılar. Aralığın bələdiyyə başqanı Mustafa Gözəlkaya özündən əvvəlki bələdiyyələrin ənənələrinə sadiq qalaraq bu gün də həmin ənənələri davam etdirməklə tədbirin ən yüksək səviyyədə baş tutması üçün əlindən gələni etmişdi. İçdənlik, səmimiyyət, Heydər Əliyev irsinə rəğbət, Azərbaycana məhəbbət hər hərəkətində çox aydın hiss edilirdi. Məni ən çox sevindirən hadisələrdən biri də Aralıq qəsəbə məktəbinin həyətində hay-küylə oyun oyanyan uşaq və gənclərin sayının çox olması idi. Bu çoşqulu yeniyetmələrin şaqraq səsləri Aralığın gələcəyinin və bu gözəl qəsəbədə ürəyi Azərbaycan –Türkiyə qardaşlığı ilə döyünən gəncliyin yetişməsinin müjdəçisi idi .
Azərbaycanın mədəniyyət elçisi, İqdır Azərbaycan Külütür Mərkəzi
İqdırda ayrıca Azərbaycan kültür dərnəyi də fəaliyyət göstərir. Bu dərnəyin rəsmi ofisinin qapısından içəri girər-girməz sözün həqiqi mənasında özünü doğma mədəniyyətimizn ağuşunda hiss edirsən. Nizamidən, Füzulidən tutmuş Mirzə Cəlilə ,Sabirə qədər milli mədəniyyətimizn ədəbi nümunələrini burada tapmaq mümkündür. Dərnəyin rəhbəri Zəki bəy Acar əslən tarixi Dilican dərsi boyunca yerləşən, sonralar isə Ermənistan adlandırılan tarixi torpaqlarımızdandır. Eyni zamanda çox istedadlı rəssamdır. Ofisə daxil olarkən incə zövq və parlaq rənglərlə işlədyi müxtəlif at tabloları diqqətimi çəkdi. Sən demə Ziya bəylə ortaq nöqtəmiz də türk mifoloji dünya görüşündə və dövlətçilik tarixində mühüm rol oynayan atlara olan sevgimizmiş. Tabloların birinin önündə durub atlara həsr etdiyim bir şerimi oxudum!
At muraddı, at qanatdı, at anddı
Türk ata, at türkə qoldu, qanaddı
Tanrım bizi bir torpaqda yaratdı
Kəhər atım, köhlən atım, qır atım .
Kürəyinə kürk eylədin türkü sən
Dodağımda ən sevdalı türküsən
Nə türk səni atar, nə də türkü sən
Qəmər atım, qonur atım, qor atım….
Tarixin dərinliklərindən və türkün genetik etnoyaddaşından süzlüb gələn bu misralar böyük alqışla qarşılandı.
İqdır “Heydər Əliyev Liseyi”ndə möhtəşəm tədbirİqdırda Heydər Əliyev adına lisey də fəaliyyət göstərir. Anım günü tədbirlərimizdən birinin də bu liseydə keçirilməsi nəzərdə tutulmuşdu. Liseyə daxil olar-olmaz lisey rəhbərliyi və müəllim heyəti bizi Füzulinin, Şəhriyarın , Bəxtiyarın şeirləri ilə qarşıladılar. Azərbaycan klassik ədəbiyyatından, tarixindən geniş söhbət açaraq tədbirimizi Ulu Öndər Heydər Əliyevin xalqımızın ən yeni siyasi tarixində oynadığı mühüm rolla, ədəbiyyatımıza , mədəniyyətimizə, elmimizin inkişafına göstərdiyi böyük diqqət və qayğıdan bəhs edərk bitirdik. Sonda bu elm və təhsil ocağının fədəkar kollektivi bizdən Novruz bayramı ərəfəsində Şuşaya səfər etmək arzularının reallaşmasına yardımçı olmamızı istədilər . Biz də Heydər Əliyevin adını daşıyan bu müqəddəs elm ocağının kollektivinin belə bir səfəri artıqlaması ilə haqq etdiklərini bildirərək oradan ayrıldıq.
Kars Baş Konsulluğumuzun böyük missiyasıİqdır şəhərində Karsdakı Baş Konsulluğumuzun nümayəndəliyi də fəaliyyət göstərir. İki şəhər arasındakı məsafə təqribən 150 km- yə yaxın olduğu üçün yerli sakinlərə və turistlərə daha asan xidmət etmək üçün belə bir nümayəndəlik açılıb. Kars Baş Konsulumuz Nuru Quliyev İqdıra gələrək anım tətdbirlərinə şəxsən qatıldı. Bu vaxta qədər görülən və bundan sonra görüləcək işlərdən böyük həvəslə bəhs etdi. Nümayəndə heyətimizə böyük diqqət göstərdi. Onun yerli sakinlərlə ünsiyyəti isə ayrı bir hadisə idi. Az qala İqdırda hamını öz adı ilə tanıyırdı. Köhnə dostlar kimi görüşür, problemləri necə həll etdiyindən danışır, hal- əhval tuturdu. Aydın hiss olunurdu ki, hörmətli Baş Konsul sadəcə konsul kimi rəsmi vəzifəsini yox həm də üzərinə düşən böyük missiyanı layiqincə həyata keçirir.
İqdır Valisinin Vətənə xidmət fəlsəfəsi və Azərbaycan sevgisiİqdır şəhərinin valisi çox hörmətli Hüseyn Engin Sarı nümayəndə heyətimizi həm valilik sarayında qəbul etdi. Həm də Azərbaycan kültür Mərkəzində keçirilən möhtəşəm anım günü tədbirinə qatılmaqla Azərbaycana olan sevgisini və diqqətini nümayiş etdirdi. Bu sadə və təvəzökar insan vəzifəsinin xalqına xidmət olduğunu vurğulamaqla Azərbayacan Türkiyə münasibətlərinin nə qədər əhəmiyyətli olduğunu. Ulu Öndər Atatürkdən və Ümummilli Lider Heydər Əliyevdən xalqlarımıza miras qalan ənənlərin hazırda Türk dünyasının iki böyük lideri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən necə əzmkarlıqla davam etdirildiyindən xüsusi olaraq bəhs etdi. Tarixi Zəfərimizə toxunaraq bu zəfərdən sonra yarnmış yeni reallıqlar kontekstində İqdırın da yenidən xüsusi strateji əhəmiyyət qazandığını bildirdi. Doğurdan da Zəngəzur dəhlizinin açılması ilə Zəngilan – Naxçıvan- İqdır xətti yeni kommunikasiya xətti kimi mühüm əhəmiyyət kəsb edəcək. Elə bizə böyük ümidlər verən tarixi qələbəmizin yaratdığı yüksək əhval ruhiyyə ilə də səfərimiz başa çatdı. Bu mühüm Zəfərə çatmağımızda Ulu Öndər Heydər Əliyevin xidmətlərindən və gördüyü böyük işlərdən danışmaq da hər birimizdə ayrıca bir fəxarət hissi yaradırdı.
Sərdar Ünsal ünlü və şanlı vətənoğlu
İqdıra qədəm basdığımız ilk dəqiqələrdən səfərimzin sonunadək bizləri, tədbirimizin təşkilatçılarından biri olan Iğdır Azerbaycan Evi Derneği Başkanı Serdar Ünsal bəy müşaiyət etdi. Bütün tədbirlərimizin ən yüksək səviyyədə baş tutmasında yüksək təşkilatçılıq qabiliyyətinə sahib bu vətənsevər insanın böyük fədəkarlığı və Azərbaycan olan sevgisi dayanırdı. Belə insanların varlığı və onların yaratdığı təqdirəlayiq ənənlərin yaşaması bir millət iki dövlət anlayışı ilə hərəkət edə bilməmizə həmişə böyük töhfə verəcəkdir.
Hikmət Babaoğlu,
Bakı-Naxçıvan-İqdır – Bakı