Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Pakistanda səfərdədir.
Bu barədə Missiya.Az Pakistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qurumun məlumatına görə, K.Vəliyev bu gün Pakistan Silahlı Qüvvələrinin Baş Qərargahında (GHQ) Ordunun Baş Qərargah rəisi (COAS) feldmarşal Seyid Asim Münirlə görüşüb.
"Görüş zamanı tərəflər regional və qlobal təhlükəsizlik, eləcə də ikitərəfli müdafiə əməkdaşlığının gücləndirilməsi də daxil olmaqla bir çox məsələləri müzakirə ediblər", - məlumatda qeyd olunub.
Feldmarşal Münir Pakistanın Azərbaycana davamlı dəstəyini təsdiqləyib və iki ölkə arasındakı qardaşlıq əlaqələrini vurğulayıb.
O həmçinin Azərbaycan tərəfini Azərbaycan və Ermənistan arasında sülh sazişinin uğurla paraflanması münasibətilə təbrik edib.
K.Vəliyev, öz növbəsində, Pakistan Silahlı Qüvvələrinin peşəkarlığını yüksək qiymətləndirib, xüsusilə "Yom-i-Marka-i-Haq" və "Bunyan ul-Marsus" əməliyyatlarının uğurla keçirildiyini qeyd edib.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi həmçinin Pakistanın terrorla mübarizə səylərini yüksək qiymətləndirib və Bakının İslamabadla müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da gücləndirilməsinə sadiqliyini təsdiqləyib.
