
Avqustun 15-də Alyaskada ABŞ Prezidenti Donald Tramp ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş baş tutacaq. Görüşün əsas mövzusu Rusiya–Ukrayna münaqişəsinin həlli olacaq.
Bəs, bu zaman hansı qərar veriləcək? Tərəflər razılığa gələ biləcəklərmi?
Mövzu ilə bağlı politoloq Samir Hümbətov Missiya.Az-a verdiyi açıqlamada bildirib ki, danışıqlarda Ukrayna məsələsində müsbət nəticəyə nail olunmasına çalışılacaq.
"Rusiya tərəfinin buna nə dərəcədə adekvat yanaşacağı maraq doğurur. Çünki Tramp bildirdi ki, bəzi ərazi mübadilələri həyata keçiriləcək. Bu ərazilərin hansı olacağı məlum deyil. Məhz bu da ilkin məsələdir ki, Rusiya hansı əraziləri verəcək yaxud qarşılığında hansıları alacaq və ya tam tərsinə".
Politoloq burada önəmli digər nüansı vurğulayıb:
"Ukraynanın məsələdəki mövqeyi vacib faktorlardandır. Ukrayna Prezidentinin açıqlamalarından belə məlum olur ki, Kiyev ərazi məsələsində qətiyyən güzəştə getmək istəmir. Müvafiq tərəf hesab edir ki, bu ərazilər Ukraynanın suveren əraziləridir və bunu heç bir vəziyyətdə vermək fikrində deyil. Avropanın burada yanaşması da bir tərəfdən diqqəti cəlb edir. Avropa müharibədə sonunadək Ukraynanı dəstəkləməyin tərəfdarıdır".
Samir Hümbətov bildirib ki, görüşdə tam həlli gözləmək olmaz. Lakin, müəyyən bir irəliləyiş olacağı ehtimalı çoxdur. Ən azından müvəqqəti bir atəşkəsə nail olunması Rusiyaya daha çox sərf edər. Bu, Rusiyanın özünü toparlaması üçün şans yaradar. Çünki böyük itkilərlə üzləşən Rusiyanın istər canlı qüvvə baxımından, istərsə də silah-sursat baxımdan texniki itkiləri var".

S.Hümbətov qeyd edib ki, hər vəziyyətdə Ukraynanın bu əraziləri güzəştə getməsi çətin bir haldır. ABŞ də hər hansı razılığı əldə etsə, son nəticədə Ukraynanın özünün müharibəni davam etdirib-etdirməyəcəyi burada önəmlidir.
"Bu baxımdan əldə olunacaq razılaşmalar prinsip etibarı ilə razılaşma olacaq, mütləq nəticənin əldə edilməsi burada reallıqdan uzaq ola bilər. Ona görə də görüşdə diqqət yetiriləcək məsələ sırf Ukraynanın müəyyən güzəştlərə getməsi qarşılığında hansısa istəklərini əldə etməsinə hesablanacaq",- S.Hümbətov əlavə edib.
İlahə Qənbərli
Missiya.Az