AZ   |   RU
İttihamlara məruz qalan direktor: “Bu, qərəzli kampaniyadır, cəfəngiyyatdır" - Müsahibə + Fotolar
İki gün öncə Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbində qanunsuzluqların baş verməsinə dair ittiham xarakterli yazılar dərc olundu.

Missiya.Az
xəbər verir ki, "Rupor"un da istinadla yayımladığı şikayət əsaslı yazıda qeyd olunur ki, təhsil ocağındakı çatışmazlıqlar xüsusi komissiyann araşdırması nəticəsində aşkara çıxıb. İddalara görə, məktəbdə diplomu olmayan müəllim çalışır, qanunsuz dərs saatları yazılır, direktor Çinarə Atayeva müavini ilə birgə şəbəkələşmə yaradıb. 
Əməkdaşımız bu iddialara aydınlıq gətirmək məqsədilə Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoruna suallar ünvanlayıb. Hazırladığımız müsahibəni təqdim edirik.

- Direktoru olduğunuz məktəblə bağlı iddialar yayılıb. İddialardan biri budur ki, yaradılmış komissiya tərəfindən həyata keçirilən yoxlama zamanı müavininiz Pərvanə Qarayevanın bacısı İlhamə Vəliyevaya qanunsuz dərslər verdiyi, onun fəaliyyətinin başqa müəllimlərin adına rəsmiləşdirildiyi məlum olub. Buna səbəb İlhamə Vəliyevanın təhsilinin olmamasıdır. 

- Səmimi olaraq deyirəm, mətbuatda bu haqda iddiaları oxuyanda heyrət etdim. Axı məktəbdə diplomu olmayan şəxs necə çalışa, dərs deyə bilər? Konkret olaraq bildirim, Vəliyeva İlhamə Əjdər qızı Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakultəsinin, ardınca Azərbaycan Dövlət Pedaqoji Universitetinin Yenidənhazırlanma diplomuna əsasən isə Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasının məzunudur. 
O, 13 il Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında kitabxanaçı, 2008-ci ildən isə Abşeron rayon Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə Uşaq Birliyi təhbəri vəzifəsində çalışıb, həmçinin, 7 il ixtisası üzrə qeyd olunan məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs də aparıb. 2018-ci ildə MİQ  imtahanında iştirak edərək 49 (ixtisas 33) bal toplayıb. 2021-ci il sentyabr ayından isə direktor müavini vəzifəsində işləyir. Onun diplomlarını da sizə təqdim edirəm. 

-  Digər iddia görə direktor olduğunuz müddətdə məktəbdə neqativ hallar çoxalıb, şəbəkə yaratmısınız və s. Məktəbin inkişafı üçün bir iş görmədiyinizi deyirlər. 

- Neqativ hal və ya hallar olsa idi, yəqin ki, fürsət axtaran adamlar tərəfindən sadalanardı. Təsəvvür edin, iki diplomlu adam haqqında yanlış məlumatlar yayanlar gerçək neqativ olsa idi onu car çəkməzdimi? Sadalayacaq heç bir neqativ hal tapa bilməyiblər. 
Bu bir faktdır ki, məktəbimizin uğuru ilbəil artan templə irəliləyir. Təhsil Nazirliyininin kriteriyaları ilə ölçsək,  9-cu siniflərimizin buraxılış imtahan nəticələrinin keyfiyyət faizi hər il artır. Təxminən 25 illik fasilədən sonra Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdi 2019-2020-ci və 2020-2021-ci tədris illərində Respublika Fənn Olimpiadalarında İnformatika fənnindən II yeri qazanıb. Yəni sonuncu oxşar uğur 25 il öncə olubmuş. 

Qeyd edim ki, sözügedən olimpiadada Abşeron rayonundan cəmi 2 şagird qalib olub, onlardan biri Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdidir. İlk dəfə 2020-2021-ci tədris ilində məktəbin şagirdi Fənn müsabiqələrində Riyaziyyat fənnindən III yeri qazanıb. Abşeron rayonu üzrə o, bu müsabiqədə qeyd olunan fənndən tək qalib idi. Məktəbimizin şagirdləri 2018-2019-cu,2019-2020-ci tədris illərində Təhsil Nazirliyinin keçirdiyi “Ən yaxşı təqdimat” müsabiqəsində II-lik qazanıb. 
Tədris prosesində qazandığımız nailiyyətlərimizi, uğurlarımızı sadalamaqla bitməz. Təlim-tədrisin səviyyəsinin daha da yüksəldilməsi, istedadlı şagirdlərin aşkarlanması və onlarla işin təşkilində, şagirdlərimizin vətənə layiqli bir vətəndaş kimi formalaşması məqsədilə dayanmadan səylə çalışırıq.

- Məktəbdə araşdırmanı aparan kimdir? Regional Komissiya deyilən qurum hara tabedir? Onların yaratdığı komissiyada məktəbin nümayəndəsi varmı? 

- Məktəbdə araşdırmanı  1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən yaradılmış komissiya aparıb. Xeyr, yaradılan komissiyada məktəbin nümayəndəsi yox idi. Ədalətli şəkildə araşdırma kifayət edir ki, deyilənlərin böhtan olduğu üzə çıxsın. 

- Daha bir iddia odur ki, məktəbdə müəllimlərin adına qanunsuz dərs saatları yazılıb, pullar mənimsənilib. Müəllimləri imtahandan kənar işə götürmək nə dərəcədə mümkündür? 

- Hansı zamanda yaşayırıq? Axı məktəb kollektivində bunu necə etmək olar? Müəllim müvafiq qanuni əsaslar olmadan necə işə götürmək olar? Hər kəs öz hüquqlarını yaxşı bilir. Buna dair yazılanlar cəfəngiyyatdan başqa bir şey deyil.

- Məktəbin səviyyəsindən nə dərəcədə razı olduqlarını dəqiqləşdirmək üçün qəsəbə ictimaiyyəti, valideynlərlərlə söhbətləriniz olubmu? 

- Təvazökarlıqdan uzaq olsa da, valideynlərlə söhbət zamanı onların dediyi ilk söz bu olur ki, məktəbdə əməlli başlı nizam-intizam yaranıb. Bircə fakt deyim, son illərdə yarada bildiyimiz nizam-intizamın və tədris keyfiyyətinin yüksək olması ilə əlaqədar qonşu qəsəbələrdən, hətta Sumqayıtdan belə bizim məktəbə şagirdlər oxumağa gəlir. Məhz bu səbəbdən məktəbdə şagird sıxlığımız hədsiz çoxdur. Bu bizim ciddi uğurlarımızdan biridir, Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbi nümunəvi məktəblərdən birinə çevirmək bizim prioritetimizdir.  

- Əgər deyilənlər həqiqət deyilsə, sizcə niyə belə iddialar yayılıb? Bu kampaniyadırsa, səbəb nədir?

- Maraqlıdır, cəmi bir neçə suala cavabdan, qısa söhbətdən sonra bir jurnalist olaraq sizdə də belə qənaətə əmələ gəldi ki, bu kampaniyaya oxşayır.  Bəli, ittihamlar tam qərəzlidir. Şagirdə şiddət göstərən, öz vəzifəsini düzgün icra edə bilməyən, 1 il ərzində minimum 12 dəfə müxtəlif bəhanələrlə xəstəlik arayışı təqdim edən, məktəbin şagirdlərinə öz övladı kimi deyil, yad münasibət bəsləyən, pedaqoqa uyğun olmayan tərzdə davranan müəllim (istəməzdim onun adını mediaya açıqlayım) haqqında məktəbin AHİT-na müraciət etdiyim üçün onun tərəfindən bu qərəzli, böhtan xarakterli kampaniya təşkil olunub. Bura qanunsuzluqlarına görə cəzalandırdığımız bir iki şəxs də qərəzli olaraq qoşulub və böhtan xarakterli kampaniyanı mediaya da daşıyıblar. 

Təşəkür edirəm ki, bizim mövqeyimizi də almaq istədiniz. Media cəmiyyətin aynasıdır, həqiqətləri öyrənmək, onları yazmaq çox da çətin deyil. Yetər ki, bunu istəyəsən, qərəzli olmayasan.

Eldar Orucov 
Rupor.az



  • 18-12-2021, 21:17