Bazar 29 Dekabr 2024 / 19:07:17
                    AZ   |   RU
Narkotikin təsiri altında avtomobil idarə edən daha iki sürücü saxlanılıb

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 16-da Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş İlham Quliyevin idarə etdiyi “Khazar” markalı avtomobil Abşeron rayonu ərazisində saxlanılıb.

Missiya.Az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Şəxsi axtarış zamanı onun üzərindən marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha bir sürücü müəyyən edilib.

Hövsan qəsəbəsində yaşayan Rəşad Həsənov idarə etdiyi “KİA” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb.

İlkin sorğu zamanı sürücü avtomobili narkotik maddə olan heroin qəbul edərək idarə etdiyini etiraf edib.

Təyin olunan ekspertiza zamanı Rəşad Həsənovun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu sübuta yetirilib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Onun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan material məhkəməyə göndərilib.

Qeyd edək ki, araşdırma zamanı sürücünün avtomobili “rent a car” götürdüyü və bundan sonra digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyaraq narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi məlum olub.

Bu istiqamətdə polis əməkdaşları tərəfindən ölkəboyu tədbirlər davam etdirilir.

  • 18-12-2021, 12:30