Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Kəlbəcərdəki mina partlayışına görə yenidən beynəlxalq təşkilatlara çağırış edib.
Missiya.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, ötən gün Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun beş hərbi qulluqçusu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edilib ki, Azərbaycan ərazisində kütləvi şəkildə basdırılmış və bu günədək dəqiq xəritələri təqdim olunmamış minalar hər gün günahsız insanların həyata və sağlamlıqlarına böyük təhdid olaraq qalmaqdadır:
"Basdırılmış minalar, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə maneə yaradır, ətraf mühitə ciddi ziyan vurmaqla bölgədə ekoloji tarazlığın pozulmasına da səbəb olur. İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələri barədə məlumatların təqdim olunması ilə bağlı tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin qəbul edilməsinə baxmayaraq, Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarının tələblərini pozaraq bu məlumatları təqdim etməkdən boyun qaçırır".
Ombudsman bir daha müvafiq beynəlxalq təşkilatları dəqiq mina xəritələrinin Azərbaycana təhvil verilməsi istiqamətində Ermənistana ciddi təsir göstərməyə və törədilən hərbi və ekoloji cinayətlərə, o cümlədən humanitar hüquq pozuntularına kəskin reaksiya verməyə çağırıb.