|
![]() |
Ermənistanda İkinci Qarabağ Müharibəsindən sonra başlayan xaos daha da dərinləşməyə başlayıb.
Missiya.Az xəbər verir ki, müharibədə itkin düşən və əsir götürülən əsgər ailələri hər gün baş nazir Nikol Paşinyanın ofisinin qarşısında etiraz aksiyası keçirirlər. Onlar övladlarının taleyi barədə heç bir məlumat ala bilmədiklərini deyirlər.
Artıq əsgər ailələrinin yerli hökumətdən əli üzülüb və başqa ölkələrin rəsmi şəxslərindən, həmçinin humanitar təşkilatlardan kömək istəyirlər.
İtkin düşən erməni əsgərin anası Laura Nersesova Rusiya Prezidenti Vladimir Putinə, Ermənistanın Rusiyadakı səfirliyinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə və İran səfirliyinə müraciət edib.
Laura Nersesova Sputnik Ermənistana açıqlamasında bildirib ki, 42 gündən çoxdur bir çox valideynlər öz övladlarından xəbər ala bilmir: “Biz bilmirik ki, onlar sağdır, yoxsa ölüblər”.
Əsgər anası Vladimir Putinə müraciət edib: "Əziz Vladimir Putin, sizdən çox xahiş edirik, yalvarırıq, bizim uşaqlarımıza kömək edin. Oğlum Erik Nersesova sürücü idi. Komandirin sürücüsü kimi xidmət edirdi. Oktyabrın səkkizində Qarabağa yola düşdü. Sonuncu dəfə bizimlə oktyabrın 20-də əlaqə saxlayıb. Həmin vaxtdan sonra xəbər yoxdur. Onlar bizdən kömək gözləyirlər. Biz sizin köməkliyinizlə onları azad edə bilərik. Bütün valideynlər sizə yalvarır” - deyə, əsgər anası Putinə müraciətində bildirib.
Laura Nersesova etiraf edib ki, onun üçün 42 gün 420 il kimi uzun keçib. Erməni qadın Qırmızı Xaçın Azərbaycan nümayəndəliyindən əsirlərin qaytarılması prosesini sürətləndirməsini istəyib.
Qeyd edək ki, əsgər anaları hər gün Ermənistanın hükumət binasının, Müdafiə Nazirliyinin və digər strateji binaların qarşısında etiraz aksiyası keçirirlər.
Elvin
Missiya.Az