
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi, o cümlədən, türk dünyasının həmrəyliyinin gücləndirilməsi baxımından mühüm siyasi hadisə oldu. Bu səfərin olduqca yüksək siyasi atmosferdə keçməsi və dövlət başçılarının səmimi açıqlamaları Azərbaycanla Özbəkistanın qardaşlığını dünyaya bəyan etdi. Bir daha təsdiq olundu ki, hər iki dövlət münasibətlərin inkişafında və əməkdaşlıq əlaqələrində ortaq milli və etnik dəyərlərə böyük əhəmiyyət verir.
Azərbaycanın bütün türk respublikaları ilə əlaqələri yüksələn şkala üzrə inkişaf etməkdədir və bu sırada Özbəkistanla münasibətlər xüsusi qeyd edilməlidir. Etno-milli kimliyə, ortaq dəyərlərə söykənən bu münasibətlərin tarixi isə qədimdir. Əlişir Nəvainin öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alması, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi mütəfəkkirlərin özbək ədəbi-mədəni və ictimai fikrində daim öyrənilməsi, Bakıda İçərişəhərdə Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən Buxara karvansarasının inşası Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin tarixi keçmişindən xəbər verir. Sovet hakimiyyəti illərində Azərbaycan və özbək xalqları arasında əlaqələr daha da inkişaf etmişdir. Xüsusən ədəbi-mədəni münasibətlərin güclənməsi iki xalqı bir-birinə daha yaxın etmişdir.
Daşkəndin görməli yerlərindən birində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi qoyulmuşdur. Bakıda isə Özbəkistanın böyük klassik şairi Əlişir Nəvainin heykəli ucaldılmışdır və paytaxt küçələrindən biri dünya şöhrətli hökmdar və alim Mirzə Uluqbəyin adını daşıyır. Özbək şairi, filosof Əlişir Nəvaininin demək olar ki, bütün əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir.
Ümumiyyətlə, Azərbaycan və özbək xalqlarının bir-birinə yaxın və doğma olduqlarını göstərən nümunələr saysız-hesabsızdır. Bunun nəticəsidir ki, müstəqillik illərində iki dövlət və onların xalqları arasında əlaqələrin inkişafı daha geniş vüsət alaraq, yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Ötən əsrin 90-cı illərindən başlanan yeni siyasi-diplomatik münasibətlərin uğurla inkişaf etdirilməsində Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. Məhz onlar tərəfindən yaradılan möhkəm təməl üzərində Azərbaycan-Özbəkistan əlaqələri sürətlə inkişaf etmiş, iki xalqın qardaşlığı möhkəmlənmişdir. Azərbaycan-Özbəkistan əlaqələri son dövrlərdə daha da inkişaf edərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çatmışdır. Bu prosesdə Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dostluğu həlledici rol oynayır. Bu dostluq iki ölkə liderlərinin dostluğu ənənəsinin layiqli davamıdır. Xüsusən son bir neçə ildə edilən qarşılıqlı səfərlər həm dövlət başçıları, həm də Azərbaycanla Özbəkistan arasındakı dostluğun və qardaşlığın təcəssümünə çevrilmişdir. 2022-ci ildə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2023-cü ildə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri yüksək siyasi anlaşmanın və dərin qardaşlıq münasibətlərinin təntənəsi kimi tarixə düşmüşdür. Prezident İlham Əliyevin 2024-cı il avqustun 23-də Özbəkistana etdiyi növbəti dövlət səfəri isə əlaqələrdə tamamilə yeni mərhələnin əsasını qoymuşdur. Belə ki, bu səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki qardaş dövlətin əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Bunlardan əlavə, Özbəkistan Prezidenti ötən il Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının birinci qeyri-rəsmi Zirvə görüşündə və COP29-da iştirak etmək üçün ölkəmizə səfər etmişdir. COP29 çərçivəsində Bakıda Azərbaycan Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması dövlətlərarası münasibətlərdə yeni əməkdaşlığın əsasını qoymuşdur.
Onu da qeyd etmək yerinə düşər ki, dostluq və qardaşlıq münasibətlərindən irəli gələrək Özbəkistan Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını hər zaman qətiyyətlə dəstəkləmiş, beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində bu barədə bağlı birmənalı mövqeyini ifadə etmişdir. Postsovet məkanında Özbəkistan yeganə ölkədir ki, məhz Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqə qurmamışdır. Təsadüfi deyil ki, Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi Özbəkistan cəmiyyətində böyük sevinc hissi ilə qarşılanmışdır. Bu münasibətlə Prezident Şavkat Mirziyoyev bir neçə dəfə Prezident İlham Əliyevi təbrik etmişdir. Özbəkistan dövlətinin dəstəyi ilə Füzuli rayonunda inşa edilən məktəb binası da özbək xalqının Azərbaycanın Zəfəri ilə bağlı sevincinin təcəssümüdür. Qarabağın bərpasında xarici dövlət tərəfindən edilən ilk ərməğan olan bu məktəb iki ölkə arasındakı dostluğun rəmz, qardaşlığın ünvanıdır. Özbəkistanın Qarabağın quruculuğuna daha bir töhfəsi Xankəndidə “Businesstex JV” tikiş fabrikinin yaradılmasıdır. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın simvolu olmaqla, ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir. Prezident Şavkat Mirziyoyevin iyulun 2-də Azərbaycana dövlət səfəri zamanı dövlət başçılarının görüşü, mətbuata bəyanatlar, Bakıda 5 hektarlıq ərazidə inşa ediləcək “Özbəkistan” parkının təməlini qoyulması, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışı, “Sea Breeze” istirahət mərkəzi ilə tanışlıq, iyulun 3-də isə prezidentlərin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündən əvvəl Xankəndi şəhərində tikiş fabrikinin fəaliyyəti ilə tanış olmaları, Ağdamda Qarabağ atlarının “Zəfər” şousunu izləmələri, Şahbulaq qalasına getmələri bir daha Azərbaycan-Özbəkistan qardaşlığının və dostluğunun təntənəsi oldu.
Bakıda mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev Özbəkistan Prezidentinin dövlət səfərinin layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçdiyini bəyan edərək dedi:
«Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk».
Səfər zamanı mübadilə edilən sənədlər də özündə yüksək siyasi münasibətləri və qardaşlığı təcəssüm etdirdi. Müxətlif sahələri əhatə edən sənədlər dövlətlərarası hüquqi bazanı daha da möhkəmləndirdi.
Azərbaycanla Özbəkistanı bu gün ortaq dəyərlər və ortaq strateji maraqlar birləşdirir. Bu mənada Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri həm ikitərəfli əlaqələrin perspektivləri, həm ortaq maraqların realizə olunması, həm də bütövlükdə türk dünyanın birliyi baxımından yeni uğurlar vəd edir.
Xanlar Fətiyev
Milli Məclisin deputatı