AZ   |   RU
"Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası" ilə əməkdaşlıq edəcək - KOBİA


Sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə "Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası" İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Missiya.Az-a KOBİA-dan bildirilib.

Məlumata görə, sənədi Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Assosiasiyanın İdarə Heyətinin sədri Emin Dostiyari imzalayıblar. Memorandumda qida sektorunda fəaliyyət göstərən KOB-ların bilik və bacarıqlarının artırılmasına dəstək üçün maarifləndirmə tədbirlərinin, təlim və məsləhət xidmətlərinin təşkili, yerli və xarici tədbirlərdə KOB-ların məhsullarının sərgilənməsinə, daxili bazarın mövcud vəziyyətinin öyrənilməsinə dəstək, KOB-lar arasında əlaqələndirmənin gücləndirilməsi, qida sənayesi məhsullarının çeşidinin artırılması istiqamətində yerli KOB-lar arasında sorğu və araşdırmalar aparılması, çətinliklərin öyrənilməsi və həlli istiqamətində birgə əməkdaşlıq, KOB məhsullarının onlayn platformalarda satışının təşviqi, xarici tərəfdaşlarla əlaqələrin qurulmasına dəstək göstərilməsi kimi tədbirlər nəzərdə tutulur.

Əvvəlki illərdə olduğu kimi, bu il də mikro və kiçik sahibkarlar KOBİA-nın dəstəyi ilə məhsul və xidmətlərini sərgilərdə ödənişsiz təqdim edirlər. Agentliyin təmin etdiyi dövlət dəstəyi hesabına yaradılmış xüsusi stenddə 12 mikro və kiçik sahibkarlıq subyekti müxtəlif şirniyyatlar, ədviyyatlar, yağlar, mürəbbə və turşular, zəfəran, qəhvə, narşərab, suvarma sistemləri və istixana avadanlıqları, dronlar, yem və s. məhsullar, eləcə də xidmətlər nümayiş etdirir. Bakı, Sumqayıt, Şirvan şəhərlərini, eləcə də Abşeron, Ağdam və Kürdəmir rayonlarını təmsil edən KOB subyektləri stenddə həmçinin, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq üçün müxtəlif işgüzar görüşlər keçirirlər.

Sərginin açılış mərasimində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sərgilərin KOB-ların satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasında önəmini qeyd edib. O, bildirib ki, kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır. KOBİA da bu sahələrdə fəaliyyət göstərən KOB-ları müxtəlif xidmət və mexanizmlər çərçivəsində dəstəkləyir. İşğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı və investisiya cəlbediciliyi, kənd təsərrüfatı üçün münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır. Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində bu potensialın reallaşdırılması aqrar və qida sənayesinin, ümumilikdə isə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verəcək. Agentlik “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərini dəstəkləyən qurumlar sırasındadır. Bununla yanaşı, KOBİA-nın təşkilatçılığı ilə qurulmuş xüsusi stenddə aqrar və qida sektorları üzrə KOB-ların məhsul və xidmətləri tanıdılır ki, bu da onların bazarlara çıxışının və satış imkanlarının genişləndirilməsini hədəfləyir.





  • 17-05-2023, 17:28