AZ   |   RU
İlham Əliyev yeni seçilən Roma Papasını təbrik edib

Prezident İlham Əliyev Roma Papası XIV Leo Həzrətlərinə təbrik məktubu göndərib.


Missiya.Az xəbər verir ki, məktubda deyilir:


"Zati-müqəddəsləri.


Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.


Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi, səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk.


Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.


İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir.


Sizə möhkəm cansağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm".



  • Bu gün, 10:54