AZ   |   RU
Görəsən, haraya qaçırıq?

İnsan gələcəyini də bu gün yaşayır... 

Əbu Turxanın bu hikmətli kəlamı çoxumuza məlumdur. Həmin sözlərdə o qədər dərin məna var ki... Bizim elə hər günümüz önəmli, hər açılan səhər bir gələcəkdir.
 
Hamımız ömrümüzü daha rahat, xoşbəxt və mənalı keçirməyə çalışırıq. Bəzən bunu bacarırıq, bəzən də yox.. Çünki çox zaman bu gün ilə deyil də gələcək ilə yaşayırıq. Əlbəttə, sabah üçün plan qurmaq, hədəflər cızmaq müdrik davranışlardandır. Lakin, hər şeyin də nizamı, həddi olur. Necə ki, dahi şairimiz Nizami Gəncəvi yazıb:

Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.

Bütün həyatımızı sabahlara, gələcəyə yönəltməyimiz vaxtımızın ən gözəl çağlarını əldən verməyimizə gətirib çıxarır. Sanki, zamanın da sürətli keçməsinə bəzən məhz biz bais oluruq. Görəsən haraya qaçırıq? Vaxtın özü də elə yaman qaçır. 

Əziz oxucu, nə qədər gələcəyi düşünsək də bu günümüzü sonuncu gün kimi yaşamalıyıq. Aldığımız hər nəfəs, bizimlə birlikdə açılan hər səhər qiymətli hədiyyədir. Tanrının bəxş etdiyi sabahlar, yeni səhifələr, yeni həyat deməkdir.

Axı niyə  özümüzü  həddindən artıq  işə həsr edərək, həyatın gözəlliyini doğru-düzgün hiss etməyərək, sadəcə gələcək üçün sərmayə yığmağı və bu kimi başqa amilləri düşünürük? 

Dünən də, bu gün də, sabah da edəcəyimiz hər şey, çəkdiyimiz əziyyət və məhdudlaşdırılan saatımız həyatımızın bir parçası deyilmi? Hətta sağlamlığımıza belə diqqət ayırmırıq, bəlkə də heç önəm vermirik... Elə hey qaçaqaçdayıq. Unuduruq ki, o qaçaqaç əslində heç bitmir, onsuz da yeni nələrsə ortaya çıxır. 

Bu müvəqqəti ömür yolunda məqsədlərimizi, arzularımızı gerçəkləşdirmək üçün mübarizə aparmaq hər saniyəsi qızıl kimi dəyərli, o keçən günlərimizin önəmsiz olduğu anlamına gəlmir ki...

Bəs, necə başlayaq? - Öncə özümüzü, doğmalarımızı sevək. Həyatı, insanları və hər anımızı sevək, həqiqətən istəsək bu o qədər də çətin deyil. 

 İstirahətinizə, özünüzə qayğıya, sevdiklərinizə, sağlamlığınıza və faydalı hesab etdiyiniz digər məşğuliyyətlərinizə vaxt ayırmağı unutmayın.

Sevgi ilə qalın, günləriniz hüzurlu olsun...

Zərintac Mayisqızı
Missiya.Az


  • 29-11-2022, 15:26