AZ   |   RU
Sosial sahədə gender bərabərliyinin təmin olunma səviyyəsinin qiymətləndirilməsi məqsədilə onlayn sorğu keçirilir

“Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planı”na uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Gender bərabərliyi" mövzusunda ictimaiyyət arasında onlayn sorğu keçirir.

Missiya.Az-ın
məlumatına görə, ilk sorğu sosial sahədə gender bərabərliyinin təmin olunma səviyyəsinin qiymətləndirilməsinə həsr olunur.

Sorğunun məqsədi ölkəmizdə işə qəbul, əməkhaqqı, işçilərin fəaliyyətinin qiymətləndirilməsi, karyerada yüksəliş mövzuları ilə bağlı gender bərabərliyinin qorunub-qorunmamasını müşahidə etmək və əldə ediləcək nəticəyə əsasən gender bərabərliyi perspektivini inkişaf etdirmək üçün müvafiq tədbirlər görməkdir.

Sorğunun nəticəsi ölkəmizdə bu sahədə qadınların və kişilərin səlahiyyətləndirilməsi ilə bağlı mövcud durumu qiymətləndirməyə və yaranan problemləri aradan qaldırmağa töhfə verəcək.

Onlayn sorğu bu gündən oktyabrın 30-dək davam edəcək.

Sorğu anonim şəkildə keçirilir, qiymətləndirmədə iştirak etmək istəyən şəxsdən adı, soyadı, ata adı və əlaqə nömrələrinin göstərilməsi tələb olunmur. Lakin sorğunun məqsədlərinə uyğun olaraq və tendensiyanın müəyyən olunması məqsədi ilə iştirakçı cinsiyyəti, yaşı və digər demoqrafik göstəriciləri qeyd etməlidir.

Onlayn sorğuda suallar cavablandırılarkən şəxsi təcrübəyə əsaslanmaq və səmimi olmaq xahiş olunur.

Əldə olunan nəticə ictimaiyyətə açıq elan ediləcək.

“Sosial sahədə gender bərabərliyinin təmin olunma səviyyəsinin qiymətləndirilməsi” mövzusunda onlayn sorğuda iştirak etmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır:

https://forms.gle/67TVC1TZeb6Jqcbk7

Leyla Səməndər
Missiya.Az



  • 30-09-2022, 15:32