AZ   |   RU
Milli Məclisin sədri: "Azərbaycan regionda uzunmüddətli sülhün təmin olunması üçün səylər göstərir"
Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün səylər göstərir.

Missiya.Az "
Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində dekabrın 7-də bu ölkənin Milli Qenqeşi Məclisində çıxışı zamanı deyib.

Spiker qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddət ərzində qonşumuz Ermənistanın işğalı altında qalmışdı:

"Təəssüflər olsun ki, məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri yerinə yetirilməmişdir.
İşğal dövründə Ermənistan bütün kənd və şəhərlərimizi tamamilə dağıdıb, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub, məscidlərimiz, müqəddəs ocaqlarımız təhqir olunub. Ermənistanın apardığı etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə azərbaycanlını qəddarlıqla qətlə yetirib. Birinci Qarabağ müharibəsindən sonra 3 900-ə yaxın azərbaycanlı hələ də itkindir".

Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə edərək, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını özü təmin edib:
"Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə geri qaytarılmasına başlanılıb".

S.Qafarova əlavə edib ki, həyata keçirilən işlərə ən böyük maneə işğaldan azad edilmiş torpaqlarda Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır:

"10 noyabr 2020-ci il tarixindən etibarən, mina partlayışları nəticəsində 270-ə yaxın azərbaycanlı həlak olub və yaralanıb. Ermənistan işğaldan azad edilmiş bütün ərazilərin tam və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməkdən hələ də boyun qaçırır, əksinə ərazilərimizdə mina basdırmağa davam edir".

Spikerin sözlərinə görə, Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılmasını və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişinin imzalamasını təklif edib:
"Təəssüf ki, Ermənistan hələ də öz destruktiv addımları və ziddiyyətli bəyanatları ilə bu prosesə əngəl törədir və üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Ermənistan indiyə kimi öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb və Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməkdən imtina edir. Halbuki, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsinə çevriləcək Zəngəzur dəhlizi bütün regiona fayda gətirəcək.

Ermənistan bu cür davranışlardan çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır. Bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur".

  • 7-12-2022, 21:03