AZ   |   RU
Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbərinə Milli Məclisin Fəxri medalı təqdim olunub


Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Bob Bləkmənə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı təqdim olunub. 


Missiya.Az xəbər verir ki, Bob Bləkmən Milli Məclisin sədri Sahibə Qafarovanın 19 may 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında parlamentlərarası əlaqələrin inkişafına və dövlətlərarası münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfələrə görə təltif edilib.


Fəxri medalı Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovla birlikdə  Bob Bləkmənlə İcmalar Palatasının binasında keçirilən görüş zamanı təqdim edib. 


Soltan Məmmədov Bob Bləkmənə  Milli Məclis rəhbərliyinin salamlarını çatdırıb, Azərbaycanın haqlı mövqeyini daim müdafiə etdiyinə görə ona təşəkkürünü bildirib, parlamentlərarası əlaqələrin inkişafının iki ölkənin maraqlarından irəli gəldiyini qeyd edib. 


Bob Bləkmən təltifə görə təşəkkür edib, Azərbaycana bu ilin aprel ayında baş tutmuş səfəri zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Milli Məclis rəhbərliyi ilə görüşünü yüksək diqqətin, iki ölkə arasında münasibətlərə verilən xüsusi önəmin nümunəsi kimi qiymətləndirdiyini vurğulayıb. 


Söhbət zamanı səfir Elin Süleymanov Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd edib. O, parlament üzvlərinin sıx əməkdaşlığının ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Görüş zamanı hər iki ölkə parlamentinin dostluq qrupları arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub.


Xatırladaq ki, Bob Bləkmən Britaniya parlamentində mütəmadi olaraq Azərbaycanı dəstəkləyən çıxışlar edib, ölkəmizdə çoxsaylı səfərlərdə olub. 2021-ci ildə Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Şuşa şəhərində və Füzuli rayonunda, 2023-cü ildə Ağdam rayonunda olub. O, dəfələrlə Ermənistanın işğalçılıq siyasətini qınayan bəyanatlarla çıxış edib. 


Missiya.Az



Baxış sayı: 3
  • 25-05-2023, 15:55