AZ   |   RU
Lavrov Afrikanın keçmiş müstəmləkəçilərini dünyanın dəyişdiyini başa düşməyə çağırıb

“Keçmiş metropoliyalar Afrika qitəsində əraziləri necə ələ keçirdiklərini və istismar etdiklərini unutmalıdırlar”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov malili həmkarı Abdoulaye Diop ilə birgə mətbuat konfransında deyib.

Lavrov bildirib ki, biz malili dostlarımızla və digər Afrika ölkələrinin böyük əksəriyyəti ilə birlikdə inanırıq ki, keçmiş metropoliyalar bu əraziləri, bu qitəni necə ələ keçirdiklərini və istismar etdiklərini unutmalı, dünyanın dəyişdiyinə öyrəşməlidirlər.

Eyni zamanda Rusiya diplomatiyasının rəhbəri Aavropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrelin rusiyalı nazirin Afrika ölkələrinə səfərlərini tənqid edən açıqlamalarına da diqqət çəkib. 

Mali ilə əməkdaşlıqdan danışan rusiyalı nazir qeyd edib ki, Rusiya təkcə iqtisadi və ticarətin inkişafı, humanitar yardım məsələlərində deyil, həm də Mali Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması probleminin həllində və təlimlərin keçirilməsində respublikaya dəstəyini davam etdirəcək.
 
“Moskva terrorizmlə mübarizədə dəstəyini davam etdirəcək. Həqiqətən keçən il və bu ilin əvvəlində hərbi-texniki sahədə əməkdaşlıq yeni inkişaf əldə etdi. Rusiya aviasiya texnikasının böyük partiyası göndərildi, bunun sayəsində Mali Milli Ordusu bu yaxınlarda uğurlu əməliyyatlar həyata keçirə bildi. Mali ərazisində hələ də fəal olan terrorçularla mübarizə əməliyyatları davam edir”, - deyə Diop vurğulayıb.

Onun sözlərinə görə, bu məqsədlər üçün təyyarələrin ikinci partiyası çox yaxınlarda - yanvarın 19-da gətirilib. 

“Cənab nazirin bu qədər ətraflı danışdığı terrorizmlə mübarizə, əlbəttə ki, bu regionun digər ölkələri üçün də aktualdır. Biz onlara bu çətinliklərin öhdəsindən gəlməkdə kömək edəcəyik, bu, Qvineya, Burkina Faso, Çada və ümumiyyətlə, Sahara-Sahel bölgəsinə və hətta Qvineya körfəzinin sahilyanı ölkələrinə aiddir”, - deyə Rusiya XİN rəhbəri bildirib.

Bundan əlavə, Lavrov Rusiyadan Maliyə buğda, gübrə, neft məhsulları və digər strateji malların tədarükünün çox yaxın vaxtlarda başlayacağına ümid etdiyini deyib. 

“Biz razılaşdıq ki, faydalı qazıntı ehtiyatlarının, geoloji kəşfiyyatın, energetikanın, nəqliyyatın və digər infrastrukturun, kənd təsərrüfatının inkişafı da səylərimiz üçün perspektivli sahələrdir”, - deyə rusiyalı nazir əlavə edib.


Daşqın Həsənov
Missiya.Az


  • 7-02-2023, 17:59