AZ   |   RU
Avropanın Azərbaycana rahatlıqla arxalanmasının İSTİ və İŞIQLI səbəbləri - ŞƏRH


Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 1-ci iclaslarının açılışı oldu.



"Gülüstan" sarayında keçirilən mötəbər tədbirlərdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin, SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe kimi nəhəng enerji şirkətlərinin, nüfuzlu maliyyə təsisatlarından Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankının və digər qurumların iştirak etməsi Azərbaycanın böyük önəmə sahib dövlət olduğunun növbəti təzahürüdür. İştirakçılar çıxışlarında bu gerçəyi açıq formada təsdiqlədilər. 

Hazırda xüsusən Avropanın enerji mənzərəsi özündə acınacaqlı  durumu etiva edir. İstehsalçılar və istehlakçılar Rusiya-Ukrayna müharibəsinin yaratdığı fəsadlara, o cümlədən başqa amillərə nəzərən əsas hədəflərini müəyyənləşdiriblər. Məqsəd təchizatın şaxələndirilməsi, enerji ilə zəngin regionlara çıxışın və resursların qlobal bazarlara təhlükəsiz ixracının təmin edilməsidir. Aİ-yə üzv olan dövlətlər etibarlı enerji təchizatına nail olmağın ən üstün variantları üzərində planlar qurmaq məcburiyyəti qarşısında qalıblar. Bu xüsusda Azərbaycanın alternativ enerji mənbəyi kimi çıxış etməsi Avropa tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan Prezidenti İlham Əliyev iclasların açılış mərasimində söylədiyi konseptual xarakaterli çıxışı ilə dünyanın enerji mənzərəsini, rəhbəri olduğu ölkənin yerini və rolunu dəqiqliklə izah etdi. Xarici nümayəndələr də açıqlamalarında məhz Azərbaycanı xilaskar kimi gördüklərini əsaslandıran fikrilər səsləndirdilər. 




“Cənub Qaz Dəhlizi və yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi": Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və "Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında keçirilən plenar sessiyalarda səmimi müzakirələr aparıldı, səmərəli təkliflər səsləndirildi, müxtəliftərəfli razılaşmalar əldə olundu, yaxın gələcəkdə konkret işlərin görülməsi vacibliyi birmənalı təsdiqləndi. 
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 1-ci iclasları çərçivəsində çıxışlardan qısa iqtibasları xatırlatmaqla Azərbaycanın iqtisadi, siyasi, hüquqi, mənəvi gücünə, bütün mənalarda potensialına Avropanın böyük ehtiyacı olduğunu bir  daha göstərmək mümkündür




Prezident İlham Əliyevin çıxışından sitatlar: 

- Biz bu gün artıq doqquzuncu dəfədir ki, toplaşırıq və əlbəttə, bir çox məsələlər haqqında danışmalıyıq, adətən etdiyimiz kimi, görülən işləri nəzərdən keçirməliyik və ən vacibi, gələcək addımlarımızı planlaşdırmalıyıq.

- Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. 

- Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq.

- Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. 

- Əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür, bu gün bu zalda daha çox bayraqlarımız və hörmətli qonaqlarımız var.

- Ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen və mənim tərəfimdən imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında gələcək planlarımız üçün aydın yol xəritəsidir. 

- Avropaya qaz ixracımızı 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırırıq və bu, mümkündür, çünki bizim resurslarımız var. 

- Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən, siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırardım. Məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstək verməyə çalışırıq. Hesab edirəm ki, bu, gələcək işlərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur. 

- Digər mühüm bir hadisə isə Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması idi. Bu, Cənub Qaz Dəhlizi layihəsi və müəyyən dərəcədə onun şaxələndirilməsi sayəsində oldu və nəticədə bizim üçün təbii qazımızın artıq Bolqarıstana təchizini başlamaq imkanını yaratdı. Həmçinin biz bu genişləndirmə və interkonnektorlar vasitəsilə qonşu ölkələrə də dəhlizin genişləndirilməsini nəzərdə tuturuq.

- Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladıq və qaz təchizatı bu yaxınlarda başlayacaq. Beləliklə, Rumıniya həmin Cənub Qaz Dəhlizində iştirak edən ölkələr heyətinə qoşulur və biz, həmçinin Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Sazişi Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzaladıq. Bu, səylərimiz üçün əlavə əməkdaşlıq imkanını yaradacaq enerji təhlükəsizliyində bir növ yeni səhifə açacaq. 

- Əgər bu il haqqında danışsaq, yanvar ayında biz Azərbaycan ilə Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumunu imzaladıq və beləliklə, heyətimizə üzv olan ölkələrin sayı artır. Bütün bunlar, ilk növbədə, cəlb edilmiş ölkələrlə sıx siyasi münasibətlər, fəal əlaqələndirmə və Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi sayəsində mümkün olmuşdur. Bu, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında başlamış və rəsmi çərçivəyə salınmış enerji dialoqunu da nümayiş etdirdi. Həmin dialoq təbii qazı, elektrik enerjisini, hidrogeni və yaşıl hidrogeni əhatə edir. Hesab edirəm bu, əməkdaşlığımızın çox nadir və səmərəli formatıdır.

- Hazırda yeni yataqlardan bu il gözlədiyimiz hasilata, eləcə də mövcud “Şahdəniz” yatağında hasilatın artırılmasına əlavə olaraq, - bu, birmənalı olaraq baş tutur, - biz, həmçinin ölkə daxilində enerji səmərəliliyi üzərində işləyirik. Biz itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində çalışırıq. Beləliklə, Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət etmiş olarıq.

- Təbii qaz ixracı artır - 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Biz bu il onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. 

- Biz nəinki hasilatı, o cümlədən ixracı artırırıq və həmçinin onun coğrafiyasını genişləndiririk. Əminəm ki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin digər bağlantılar və potensial interkonnektorlar vasitəsilə biz Avropada daha çox ölkələri bu layihəyə qoşa biləcəyik.

- Təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək. 

- Əlbəttə ki, biz gələcəyə doğru baxırıq və bu gün yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclası da olacaq. Heyət nisbətən kiçikdir - cəmi 4 ölkə var.

- Bu gün komandamızda yalnız dörd iştirakçı ölkə olsa da, bu sayın artma potensialı var, çünki biz düşünürük ki, yalnız hökumətlər deyil, şirkətlər də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklər. Məşvərət Şurasının ilk iclasında, sözsüz ki, konseptual məsələlər həllini tapmalıdır: öz fəaliyyətimizi necə quracağıq, hər iştirakçı ölkənin məsuliyyəti nədən ibarət olacaq, özəl şirkətlər necə cəlb olunacaq, – bu, şirkətlərdən ibarət konsorsiummu olacaq, yoxsa hər bir iştirakçı dövlət öz suveren ərazisində üzərinə düşən işi özü yerinə yetirəcək? Bütün bu məsələləri müzakirə etmək və razılaşdırmaq tələb olunur. Çünki məsələ yalnız Azərbaycandakı quru və dəniz yataqlarında bərpaolunan enerjinin istehsalı, yaxud Gürcüstanla sərhədimizə qədər yeni ötürücü elektrik xəttinin çəkilməsi ilə deyil, habelə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlıdır.

- Biz planlarımızı düzgün qurmalı və kimlərin potensial investor ola biləcəyini bilməliyik. Əlbəttə ki, biz beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik. Fürsətdən istifadə edərək tərəfdaşlarımız olan ölkələrin hökumətlərinə minnətdarlığımı bildirmək istərdim. Bu ölkələr Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya və yeni tərəfdaşlarımız olan Rumıniya, Moldova və Macarıstandır.

- Davamlı dəstəyinə və əla rəhbərliyinə görə Avropa Komissiyasına xüsusi təşəkkürümü bildirirəm. Həmçinin ABŞ və Böyük Britaniya hökumətlərinə dərin təşəkkürümü bildirmək istərdim. Çünki onlar təşəbbüsümüzü davamlı dəstəkləmiş, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrə təmin etmişlər.

- Bu prosesdə iştirak edən şirkətlər, xüsusilə SOCAR və BP bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir. Bu əlaqələr ən azı 30 il də davam edəcəkdir. Bu gün aramızda nümayəndələrinin iştirak etdiyi aparıcı maliyyə qurumları da vardır. Bunlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıdır. Yəni, bütün aparıcı maliyyə qurumları bizimlədir. Biz ümidvarıq ki, səmərəli əməkdaşlığımızı bərpaolunan enerji sahəsində də davam etdirəcəyik.

- Bu gün biz Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsini həyata keçiririk. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. 

- Bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlayacağıq. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni, cəmi 710 meqavat. Hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində biz bu həcmdə bərpaolunan enerji istehsal edəcəyik. Bu isə yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir.

- Hələ ki, üç əsas enerji şirkəti ilə aramızda razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaqdır. “ACWA Power” şirkəti isə bugünkü mərasimdə imzalanmış və hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəkdir. Bu, həqiqətən də çox böyük potensialdır.

- Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə gəldikdə isə iş planımızı mərhələli şəkildə və Avropanın şərtləri ilə əlaqəli şəkildə qurmaq tələb olunur. Bu, həmçinin Avropa qitəsində potensial əməkdaşlıq imkanlarımızı daha geniş miqyasda müəyyən etmək üçün lazımdır. Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaqdır.

- Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. 

- Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. 

- Qazın paylanması ilə əlaqədar yaxşı uğurlarımız var. Biz yaşıl enerji ilə bağlı saziş imzalamışıq. Biz, həmçinin təbii qaz və bərpaolunan enerji imkanları arasında səmərəliliyin artırılmasına əsaslanan qarşılıqlı əlaqə yaratmalı və bunu vahid paket çərçivəsində etməliyik. Bizim güclü siyasi iradəmiz və əlbəttə ki, fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur.

- İşimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Əminəm ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq.

Azərbaycanın yüksəldiyi zirvə aydın görünsün deyə, İlham Əliyevin faktlar əsasında böyük inam və səmimiyyətlə Bakıdan dünyaya ünvanladığı konseptual çıxışı ilə yanaşı həmin mətndən götürdüyümüz açar fikirləri təqdim edək: 


Vaxt itirməmək; TANAP-ın və TAP-ın həcminin iki dəfə genişləndirilməsi; heyətin böyüməsi, Avropa Komissiyası və Azərbatcan arasında aydın yol xəritəsinin varlığı; Avropaya qaz ixracımızı 2027-ci ilə qədər iki dəfə artırmaq; qarşılıqlı siyasi iradə və çox yüksək səviyyədə etimadın mövcudluğu; kiminsə nəyə ehtiyacı olanda dərhal dəstək vermək; Yunanıstanla Bolqarıstan arasında interkonnektorun qonşu ölkələrə genişləndirilməsi; Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Sazişin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanması; Macarıstanla əməkdaşlığın nadir format; istifadə olunan təbii qaza ixrac məqsədilə qənaət; Avropada daha çox ölkələrin layihəyə qoşulması; hasilatı, ixracı artırmaq, onun coğrafiyasını genişləndirmə; təbii qaz ehtiyatlarının ən azı 100 il olacağı proqnozu; Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi; Avropa Komissiyası, ABŞ və Böyük Britaniyanın geniş əməkdaşlıq üçün güclü bünövrəni təmin etməsi; bütün aparıcı maliyyə qurumları bizimlədir;  günəş və külək enerjisindən yararlanmaqla uzağı ilyarım ərzində böyük həcmdə bərpaolunan enerjinin istehsalına başlanılması; bərpaolunan günəş və külək enerjisi istehsalının çox böyük potensila malik olması; Rumıniya və Macarıstanın yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacağı; Azərbaycana məxsus çox böyük yaşıl enerji potensialının faktlarla təqdimatı; səmərəlilik baxımından bütün işləri vahid paket çərçivəsində görmək; davamlı sürətdə qarşılıqlı dəstək. 


Yenilənən dünya düzənində enerji resursları güclü iqtisadi artımın, siyasi və sosial sabitliyin əsas amillərindəndir. Azərbaycanın bu düzəndə yeri yuxarı başdadır. İclaslarda iştirakçı olan nüfuz sahiblərinin dəyərləndirmələrinə diqqət kəsilək:



Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson: 

- Biz uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsaslarını qoyuruq. Bu tərəfdaşlıq bərpaolunan enerjiyə və enerji sistemlərimizin daha sıx bir-birinə bağlı olmasına söykənir.

- Avropa İttifaqı və Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər. Enerji sahəsində strateji tərəfdaşlığa dair bizim yeni anlaşma memorandumumuz Cənub Qaz Dəhlizinin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi”, - deyə Kadri Simson vurğulayıb.

- Cənub Qaz Dəhlizi boru kəməri ilə Avropa İttifaqına qaz təchizatı 2021-ci ildə 8,1 milyard kubmetrdən 2022-ci ildə 11,4 milyard kubmetrə çatıb. Bu artım Aİ-nin enerji təhlükəsizliyinə böyük töhfə verib.

- Qaz təchizatı sahəsində Azərbaycan ilə Avropa İttifaqı arasında artan əməkdaşlıq bizim diplomatik fəaliyyətimizin artımı ilə üst-üstə düşür. Həmin qarşılıqlı qətiyyət bu böhranı iqtisadi imkanlara çevirəcək.

- Sıxılmış maye qaz təchizatını artırdığımız halda Cənub Qaz Dəhlizi Avropa İttifaqına boru kəməri ilə təchiz edilən qazın az sayda sabit və rəqabətcil mənbələrdən biri kimi qalacaqdır. Bu, həmçinin Azərbaycanla birgə qüvvələrini birləşdirmək üçün Xəzər bölgəsində digər tərəflər üçün potensial qaydada iqtisadi fürsətdir.

- Bərpaolunan enerjiyə marağımız o deməkdir ki, biz qazdan başqa digər enerji mənbələri üzərində etibarlı tərəfdaşlarımızla əməkdaşlığımızı genişləndirmək istəyirik. Yeni Yaşıl Enerji Məşvərət Sırasının fəaliyyətə başlaması həmin yeni istiqamət üzrə bu gün tərəfdaşlar arasında razılığın olmasını aydın şəkildə göstərir.

- Bizim enerji naminə proqramımız bərpaolunan enerji güclərinin qurulmasını və şəbəkəyə qoşulmasını gücləndirmək üçün Azərbaycanı artıq dəstəkləyir. Avropa İttifaqı masa üzərinə öz nouhau texnologiyasını və özəl sərmayələri qoyur”, - deyə Aİ komissarı əlavə edib.

- Avropa İttifaqı, Azərbaycan və tərəfdaş ölkələr enerji təhlükəsizliyinin və bazarda sabitliyin təmin edilməsində birgə çalışır.



Rumıniya Prezidenti Klaus Yohannis:

- 2022-ci ilin dekabrında dörd şirkətlə imzalanmış Anlaşma Memorandumu Cənubi və Mərkəzi Avropa arasında Rumıniya vasitəsilə qaz axınının iki istiqamətə getməsini təmin edəcəkdir. Bu da öz növbəsində bütöv bir regionun enerji təhlükəsizliyinə töhfə verəcək. 

- Cənub Qaz Dəhlizi ilə ötürülən Azərbaycan qazı regionun bir çox ölkəsi üçün sığortaya çevrilib.

- Azərbaycanın, şəxsən Prezident cənab İlham Əliyevin Avropa bazarının Xəzər qazına çıxışı ilə bağlı verdiyi təminatlar bazarlardakı belə gərgin vəziyyətdə bu cür mühüm stabilliyi və proqnozlaşdırma imkanını təmin etdi. 

- Avropa İttifaqı və Azərbaycan arasında 2022-ci ilin iyul ayında strateji tərəfdaşlıq sahəsində imzalanmış Anlaşma Memorandumu Cənub Qaz Dəhlizinin Aİ-nin diversifikasiya strategyiasının mühüm tərkib hissəsi kimi rolunun daha da möhkəmlənməsinə yol açır. 



Mötəbər tədbirdən dərhal sonra yaşanan xoş hadisə: 

- 2023-cü il fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb.
İki ölkə arasında enerji sahəsində əlaqələrin hüquqi bazasının formalaşmasını təmin edən sənədlər Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirməklə yanaşı, ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyinə və “yaşıl enerji” strategiyasına mühüm töhfə verəcək. 



İclaslardan sonra Azərbacan Prezidentinin Bakıda səfərdə olan mötəbər qonaqlarla  qəbulları zamanı aparılan müzakirələrdə gələcəyə yönələn İSTİ və İŞIQLI fikirlər söylənilib. Bu fikirlərin yaxın zamanlarda əməldə gerçəkləşəcəyinə sarsılmaz inam sözü imzası qədər mötbər olan ölkəyə Avropanın rahatlıqla arxalanmasına rəvac verir.    
Bəzi Qərb dairələrinin və xüsusilə erməni lobbisinin Azərbaycanın Avropa üçün əhəmiyyətini kiçiltmək cəhdləri, qara piar kampaniyası, ölkəmizin təcrid olunması görüntüsünün yaradılması cəhdləri yenə iflasa uğradı.

Haqlısansa qalibsən, həm də  güclüsənsə qalibiyyətini dəstəkləyənləri aydınlığa çıxaracaqsan!

Jurnalist Ekspert Mərkəzi







  • 4-02-2023, 21:14