AZ   |   RU
İran sərhədindən verilmiş ağır mesaj - "Qardaş yumruğu" kimlərə nəyi anlatdı? - BİZİM ŞƏRH

Türkiyə və Azərbaycan dövlətləri arasında imzalanmış hərbi sahədə birgə əməkdaşlıq haqqında sazişə əsasən “Qardaş Yumruğu” adlı təlimlər keçirilib.

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edib.

Digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığı müttəfiqlik səviyyəsinə çatdıran Azərbaycan və Türkiyə dövlətləri bu münasibətlərin davamı olaraq bir sıra təlimlər və birgə hərəkət məşqləri keçiblər. Bu təlimlərin bəziləri artıq ənənə halı almış, bəziləri isə yeni növ sayılırlar. Ancaq hamısını birləşdirən ortaq xüsusiyyət sülh və təhlükəsizlik mahiyyəti daşımalarıdır. Hərb sahəsində imzalanan sazişlərə görə ölkələrdən hər hansısa birinin suveren ərazisinə kənar təhdid olması və müstəqilliyinə təhlükə yaranması halında digəri yardıma borclu və haqlıdır. 

Lakin son olaraq keçirilən “Qardaş Yumruğu” adlı təlim sülh mimvalından savayı, soyuq döyüş meydanlarından isti kreslolara mesaj xarakteri daşıyır. 

Bəs bu mesaj nədir və kimlərə ünvanlanıb?

Əvvəla ilk diqqətçəkən məqam odur ki, təlimdə Azərbaycan Silahlı Qüvvələrinin mövcud olan bütün qoşun növləri iştirak etdi. Son olaraq 44 günlük vətən müharibəsində müşahidə olunan bu hal Ermənistana bir növ gövdə göstərişi, “xatırlatma” hesab edilə bilər. Eyni zamanda müharibədən keçən iki ildə dəmir yumruğun gücünün azalmadığını, əksinə yanında qardaşın yumruğunun da olduğunu bir daha düşmənin yadına saldı. Rəsmi İrəvanın uğursuz gedişlər fonunda yarıtmaz diplomatiyasının sülh prossesinə mane olacağı müddətcə dəmir yumruğun gücünü hiss edəcəklərini anlamalıdır...

“Qardaş yumruğu” birgə təlimlərinin Araz sahilləri boyu keçirilməsinin səbəbi mesajın digər sahibi ilə bağlıdır.

İstər post-münaqişə, istərsə də müharibə dövründə Azərbaycana qarşı qərəzli münasibətdə olan İranın molla əmmaməli rejimi vaxtaşırı rəsmi Bakıya qarşı təhdidlər səsləndirirdilər. Həm hərbi-siyasi, həm də dini elita səviyyəsində çirkin səsləndirilən  xislətli təhdidlərə Azərbaycanla sərhəddə keçirilən irimiqyaslı təlimlər artıq bardağı daşıran son damla oldu. Ölkə rəhbərliyinin əmri ilə Silahlı Qüvvələrimizin Xüsusi Təyinatlıları İranla sərhəddə təlim-məşq tədbirləri ilə bu ölkəyə cavab verdi.

Nəhayət Türkiyə ilə birgə “Qardaş yumruğu” təlimləri ilə Araz çayı üzərinə həsrət körpüsü salaraq molla rejiminə səslənən Azərbaycan ordusu bununla da İranın atacağı hər adımın Türkiyəyə qarşı olacağını da göstərdi.

Türk F-16 qırıcılarını Azərbaycan səmasındakı uğultusu, türk komandolarının açdığı atəşin səsi İranın mövcud siyasi rejiminə özlərini düzəltmələri üçün bir çağırışdır.

Prezident İlham Əliyevin də telefon vasitəsilə təlim iştirakçılarının mükafatlandırılmasında iştirakı və həmkarı rəcəb Tayyib Ərdoğanla birlikdə nitqi ölkə başçılarının təlimlərə nə dərəcə önəm verdiyindən xəbər verir. Ali Baş Komandanın dediyi kimi, Azərbaycanla təhdid dilində danışanların aqibəti həmişə eyni olub.

İran ordusunun şəxsi heyət və hərbi texnikanın sayına görə çoxluğu faktı isə sadəcə kəmiyyət məsələsidir. Kəmiyyət isə özlüyündə hələ keyfiyyət demək deyil və dünya hərb tarixi bu gerçəyin çoxsaylı nümunləri ilə zəngindir. 

Bundan əlavə, İrandakı 40 milyonluq azərbaycanlı faktoru da Türkiyə amili qədər əhəmiyyətlidir. 44 günlük Vətən müharibəsində cənubdakı soydaşlarımızın Azərbaycana verdiyi mənəvi dəstək, sərgilədikləri fəallıq buna sübutdur. Bütün bu faktlar isə İranın ən yaxşı halda “guruldamaqda” davam edəcəyini, amma heç vaxt “yağmayacağını”, “yağa bilməyəcəyini”  göstərir.

Beləliklə, Türkiyə-Azərbaycan arasındakı istənilən sahədəki müttəfiqlik münasibətləri regionda sülh və təhlükəsizlik üçün çalışan güc olduğunun sübutudur. Özünü Cənubi Qafqazda söz sahibi kimi göstərməyə çalışanlar üçün isə bu,qorxulu yuxudur...

Teymur Aslanov
Missiya.Az


Baxış sayı: 289
  • 7-12-2022, 21:28