AZ   |   RU
Tərlan Əhmədov: "Neftçi"dən səfərdə xal almaq uğurdur"


"Yeni kollektivin formalaşdığı dövrdə "Neftçi"dən səfərdə xal almaq uğurdur".


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov səfərdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis komandasından razılıq bildirib: "Maraqlı oyun izlədik. İtkilərə rəğmən, komandanı motivasiya etmişdik. Əzəli derbidən xal qazanmağa çalışdıq. Gözəl mübarizə apardıq. Bəlkə də hesab böyük ola bilərdi. Həm rəqib, həm də biz qalib gələ bilərdik. Qələbə ruhu olan kollektiv formalaşır. Həm özümüzün, həm də hakimlərin səhvləri üzündən çox xal itirmişik. Məqsədimiz qalan 9 turda yaxşı nəticələr göstərib, turnir cədvəlində bir az da irəliləməkdir".

O, heç-heçənin ədalətli nəticə olduğunu söyləyib: “Neftçi” böyük klubdur. “Kəpəz” uzun müddətdən sonra Premyer Liqaya qayıdıb. Oyunun ədalətli nəticəsi heç-heçə idi”.

Baş məşqçi bugünkü qarşılaşmada hakim idarəçiliyindən narazı qalmayıb: “Hakim səhvlərindən bu mövsüm 8 xal itirmişik. Öz səhvlərimiz də olub. Yeni gəldiyim vaxt kollektivi formalaşdıranda xallar itirmişik. Əvvəlki oyunlarla müqayisədə bu gün elə ciddi hakim səhvi olmadı. Narazı qaldığım epizod yoxdur”.

Əhmədov apreldə onları gərgin oyunların gözlədiyini vurğulayıb: “Sıx qrafikimiz olacaq. Əsas rəqiblərlə qarşılaşacağıq. Buna qədər göstərdiyimiz oyun gələcəyə nikbin baxmağa ümid verir. Turnir cədvəlində 6-7-ci yerlərə yüksəlmək istəyirik. Mənim qarşıma qoyulan məqsəd komandanı Premyer Liqada saxlamaqdır”.

Baş məşqçi mövsümün sonlarına yaxın stabil çıxış etməyə çalışdıqlarını əlavə edib: “Ən zəif oyunlarımız “Sumqayıt” və “Turan Tovuz”a qarşı olub. Bu da təbii haldır. Məsələn, “Səbail”ə uduzmalı deyildik. Rəqib bir dəfə qapımıza tərəf yaxınlaşdı, qol vurdu. İddialı komandaları büdrədə bilmişik. Çalışıram ki, ardıcıl qələbələr qazanaq, stabillik olsun. Möcüzə yaradacaq nəyimsə yoxdur. Hədəfim komandanı Premyer Liqada saxlamaqdır”.

O, “Neftçi” ilə matç öncəsi futbolçuları motivasiya etməyin çətin olmadığını deyib: “Bu gün cəmi 8 dəqiqə komandaya oyun haqqında təlimat vermişəm. Özlərini oyuna rahat kökləmələrini xahiş etmişdim, onun da bəhrəsini gördük. “Kəpəz”ə gələndə mənə deyirdilər ki, hara gedirsən, orada futbol oynamırlar. Amma oyunçuların gələcəyini ortaya qoyuram. Evdə komandanı dəstəkləyən, həyəcan keçirən insanların sevincinin vacib olduğunu onlara demişəm”.

Əhmədov Premyer Liqada komanda sayının artırılmasının tərəfdarı olduğunu sözlərinə əlavə edib: “Cənub bölgəsində komandamızın olmasını, Zaqatalanın Premyer Liqaya qayıtmasını istərdim. Elitada 16-18 komanda oynasın. Bunu çox istərdim. Hər bölgənin futbola baxışı fərqlidir. Onları birləşdirəndə inkişaf daha güclü gedir. “Şəmkir” ilk dəfə Çempionlar Liqasında mərhələ keçib, indi yada salınmır. “Bakı”, “Xəzər Lənkəran” kimi komandalar yoxdur. Hər klub 2 futbolçu yetişdirsə, böyük uğur olar, kənardan da milliləşdirmələr olmaz. Təbii ki, bu, AFFA-nın işidir. Amma komanda sayı artırılsa, daha yaxşı olar”.



  • 16-03-2023, 21:30