AZ   |   RU
Ekspertlərdən müharibə proqnozu - Ermənistanın qarşıdurmaya cəsarəti çatarmı?

2023-cü il daxil olandan müharibə ilə bağlı proqnozlar verilməkdədir. Hətta Üçüncü Dünya Müharibəsi təhlükəsinin reallığından da danışılır. Eyni zamanda Beynəlxalq Böhran Qrupu 2023-cü ildə daha da alovlanacaq münaqişə ocaqları və ya yeni müharibə ehtimalları ilə bağlı hesabat hazırlayıb. Ekspertlərin tərtib etdikləri 10-luqda 1-ci yerdə Ukrayna, 2-ci yerdə Ermənistan-Azərbaycan, 3-cü yerdə isə İran dayanır. 
 
Hesabatda Qarabağ uğrunda aparılan son müharibədən 2 il sonra Ermənistan və Azərbaycanın yeni qarşıdurmaya doğru irəlilədiyi qeyd olunub. Amma yeni müharibə daha qısa çəkəcək. Lakin o, 2020-ci ildəki altı həftəlik münaqişədən gərgin olacaq. İkinci Qarabağ müharibəsi bitəndən sonra balans daha çox Azərbaycanın xeyrinə dəyişib. Azərbaycan Ordusu Ermənistan ordusundan bir neçə dəfə böyükdür, daha yaxşı təchiz olunub və Türkiyənin də dəstəyini alır. Avropanın Azərbaycan qazına artan tələbatı da Bakını ruhlandırıb. 
 
Beynəlxalq ekspertlərin bu il Azərbaycan və Ermənistan arasında hərbi eskalasiyanın baş vermə riskini yüksək hesab etməsini sülh müqaviləsi ətrafındakı fikir ayrılığı, 44 günlük müharibədən sonra bölgədə yaranmış situasiyanın dəyişdirilməsi cəhdləri ilə əlaqələndirmək olar. 
 
Mümkün eskalasiyanın 2 əsas  ssenari üzrə baş verə biləcəyini qeyd edən siyasi ekspert Asif Nərimanlı mövzu ilə bağlı fikirlərini Missiya.Az-a bölüşüb.
 
Asif Nərimanlıya görə birinci ssenaridə Ermənistan sərhəd boyunca təxribatlara başlayır, ikinci ssenaridə isə Azərbaycan öhdəliklərini yerinə yetirməyən Ermənistanın təxribatlarına hərbi müstəvidə adekvat cavab verir.
 
Mümkün ssenarini Missiya.Az-a şərh edən Asif Nərimanlı bu qənaətdədir ki, 
“Əsas gözlənti Zəngəzur dəhlizinin açılması istiqamətində, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi ilə bağlıdır. Bakı bu kəndlərin sərhədin delimitasiyası prosesinə daxil edilməsinə nail olub. Lakin İrəvanın son açıqlamaları məsələnin danışıqlar masasında həlli imkanlarını azaldır. Eyni zamanda Azərbaycan-Ermənistan arasında mümkün eskalasiya ilə yanaşı, Bakının qeyri-qanuni erməni birləşmələrinin Qarabağdan çıxarılması öhdəliyinin icrası istiqamətində də praktiki addım ata biləcəyi gözləntisi son günlər daha da artmaqdadır.”
 
Göründüyü kimi 44 günlük Vətən Müharibəsində “Dəmir Yumruq” əməliyyatı ilə düşməni darmadağın edən Azərbaycan Ordusu bu gün “Qardaş Yumruğu” ilə gücünə güc qatır. Bu güc Azərbaycanın regionda əsl söz sahibi və diktə edən tərəf olduğunu isbat edir, gələcəkdə də döyüş meydanında və siyasi arenada zəfərlər qazanacağına əminlik yaradır. Bunu həm də dünyanın beyin mərkəzlərində və beynəlxalq aləmdə ciddi hərbi-siyasi ekspertlər kimi tanınan şəxslər və media qurumları da təsdiqləyir. Bir sözlə, əgər yeni bir qarşıdurma yaşanarsa, yenə də döyüş meydanında üstünlük Azərbaycanın olacaq. 
 
Nəriman Sultanoğlu
Missiya.Az

 

  • 6-01-2023, 18:47