AZ   |   RU
2030-cu ilədək müharibə əlilləri və şəhid ailələri mənzillə təmin ediləcək

 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər 2030-cu ilədək davam etdiriləcək.

Missiya.Az 
xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməli idisə, artıq bu müddət 2026–2030-cu illəri də əhatə edəcək.

Beləliklə, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri bu müddət ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməlidir.

İqtisadiyyat Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin bu illərdə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etməlidir.



  • Bu gün, 17:38