AZ   |   RU
Azərbaycan Ordusu Qarabağda daha bir anti-terror əməliyyatı keçirəcək? – Erməni mətbuatı “həyəcan təbili” çalır


Dünən Haqqın.az saytında yayımlanmış, “Qarabağdakı qeyri-qanuni silahlı birləşmələri kim tərksilah edəcək - Azərbaycan, yoxsa Rusiya?” başlıqlı məqalə erməni mətbuatının narahatlığına səbəb olub.  Ermənilər sözügedən məqalədəki fikirləri Azərbaycan hakimiyyətinin Qarabağda separatçıların qanunsuz hərbi dəstələrini zərərsizləşdirmək məqsədilə daha bir xüsusi əməliyyat keçirəcəyinin anonsu kimi qiymətləndiriblər.

Haqqın.Az saytındakı məqalədə qeyd olunurdu ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından iki ildən çox vaxt keçməsinə baxmayaraq və 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə zidd olaraq, məğlub olmuş Ermənistan ordusunun qalıqları hələ də Rusiya sülhməramlılarının məsuliyyət zonasında fəaliyyət göstərirlər. 

Sitat:

“Bakının diplomatik təzyiqi ilə Ermənistan qanunsuz silahlı dəstələri Qarabağdan tamamilə çıxardığını dəfələrlə bəyan etsə də, Ermənistan vətəndaşlarının hələ də "DQR Müdafiə Ordusu" adı altında Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni silahlı birləşmələrin tərkibində xidmət etdiyini sübut edən çoxsaylı faktlar mövcuddur.

Eyni zamanda, Azərbaycan mətbuatında güc strukturlarından daxil olan məlumatlar dərc olunur ki, həmin qanunsuz birləşmələrə Rusiyanın “Vaqner” qrupunun təlimatçıları tərəfindən təlimlər keçirilir, Rusiya sülhməramlıları isə öz maşınları ilə onlara silah və sursat çatdırırlar.  Bu isə o deməkdir ki, 10-15 min nəfərdən ibarət ermənilərin qanunsuz silahlı qruplaşması Qarabağın dağlıq hissəsi üçün hələ də təhlükə və gərginlik mənbəyi olaraq qalır”.

Sitatın sonu.

Məqalə müallifi haqlı olaraq sual edir ki, Qarabağdakı qanunsuz hərbi qruplaşmaları kim tərksilah edəcək, Qarabağ separatçıları ilə sözün əsl mənasında eyni dildə danışan Ermənistan, yoxsa sülhməramlıların mandatının qeyri-müəyyənliyinə işarə edərək, erməni separatçıları ilə sıx əməkdaşlıq edən, hətta onları silahlandıran Rusiya?

Sitat:

“Azərbaycan qondarma “DQR ordusu”nun tam və qeyd-şərtsiz tərksilah edilməsində maraqlı olan yeganə tərəf olaraq qaldığı növbəti tipik vəziyyət yaranır. Bu isə o deməkdir ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan ərazilərdə xüsusi əməliyyatın keçirilməsi qaçılmazdır. Azərbaycan ordusu dəfələrlə sübut edib ki, Rusiya sülhməramlılarının bizim ərazilərdə müvəqqəti olması, qanunsuz silahlı birləşmələrin komandirləri və üzvlərinə  heç bir halda toxunulmazlıq zəmanəti vermir”.

Sitatın sonu.

Qeyd olunan fikirlər və məqalədə göstərilən ciddi arqumentlər erməniləri bərk qorxuya salıb. Erməni mətbuatında yer alan məqalələrdə beynəlxalq təşkilatlara, xüsusən Qərb dairələrinə müəyyən mesajlar da ünvünlanıb. Bütün bunlar əlbəttə ki, erməni xislətindən irəli gələn növbəti həyasızlıq nümunəsidir. Ermənilər 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatlarla üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək əvəzinə, həmişəki kimi fikirləri yayındırmaq, Azərbaycanı haqsız çıxarmağa çalışırlar. 

O ki qaldı, Azərbaycanın Qarabağdakı qanunsuz hərbi qruplaşmaları tamamilə təmizləmək məqsədilə daha bir xüsusi əməliyyat keçirib-keçirməyəcəyinə, əlbəttə, bu hüququ rəsmi Bakının əlindən kimsə ala bilməz.

Elcan Hüseynbəyli
Missiya.Az







  • 23-11-2022, 14:15