AZ   |   RU
“Türk ordusunun yeganə hədəfi terrorçular, onların sığınacaqları və düşərgələridir” - Hulusi Akar

“Pəncə-Qılınc əməliyyatı çərçivəsində Türkiyə ordusu Suriya və İraqın şimalında azı 254 silahlını zərərsizləşdirib”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Komandanlığının Ankaradakı Əməliyyat Qərargahına səfəri zamanı milli müdafiə naziri Hulusi Akar məlumat verib.

Akarı Baş Qərargah rəisi Yaşar Gülər və Quru Qoşunlarının komandanı Musa Avseverar müşayiət edib. Akar ölkənin sərhəd bölgələrində yerləşən birlik komandirləri ilə videokonfrans vasitəsilə görüş keçirib.

“Türkiyə Silahlı Qüvvələrinin uğurlu və koordinasiyalı fəaliyyəti sayəsində terrorçular küncə sıxışdırılıb. Tezliklə onları həmişəlik susduracağıq. Türkiyənin sərhədyanı rayonlarının atəşə tutulması bundan əvvəl də Kilis və Hatay vilayətlərində, Reyhanlı bölgəsində olub. Biz yalnız Suriyanın Türkiyəyə bitişik rayonlarının terrorçulardan təmizlənməsi sayəsində nəticələr əldə edə və mülki əhalinin təhlükəsizliyini təmin edə bildik”, - deyə Akar bildirib.

Hulusi Akar Türkiyə ordusunun bölgədəki fəaliyyəti ilə bağlı PKK əlaltılarının dezinformasiya yaymaq cəhdlərinə diqqət çəkib.

“Türkiyə ordusu hər dəfə terrorla mübarizədə mühüm uğurlar əldə etdikdə cinayətkar təşkilatların tərəfdarları belə üsullara əl atırlar. Onlar intriqa və böhtanlarla Türkiyə Silahlı Qüvvələrinə kölgə salmağa çalışırlar. Bir daha deyirəm ki, türk ordusunun yeganə hədəfi terrorçular, onların sığınacaqları və düşərgələridir. Bizim etnik, dini, konfessional qrupların, o cümlədən kürdlərin və ərəblərin nümayəndələri ilə heç bir problemimiz yoxdur”, - deyə Akar vurğulayıb.

“Pəncə-Qılınc əməliyyatı məsələsində söhbət terror təşkilatı PKK-nın, daha dəqiq desək, bu qanlı təşkilatın Suriya qolu - YPG-nin, eləcə də İŞİD terror təşkilatının təhlükəsinin aradan qaldırılmasından gedir. Terrorçuların haqq-hesab günü gəldi. Anlayacaqlar ki, Türkiyə ilə “oyun oynamağa” dəyməz. Vətəndaşlarımızın, hərbçilərimizin, uşaqlarımızın, müəllimlərimizin tökülən hər damla qanının qisasını alacağıq. Terrorçuların Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olmaqdan başqa yolu yoxdur”, - deyə türkiyəli nazir qeyd edib.


Daşqın Həsənov
Missiya.Az
 


  • 23-11-2022, 13:18