AZ   |   RU
Daşkənddə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib - FOTOLAR

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş mərasim keçirilib.

Missiya.Az
xəbər verir ki, tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin büstünü və “Şəhidlər bağı”ndakı abidə-kompleksini ziyarət edərək, gül dəstələri düzüblər. 

Azərbaycan Səfirliyinin, Mədəniyyət Mərkəzinin nümayəndələrinin, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvlərinin, elm, mədəniyyət, incəsənət və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxışlar olub.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 20 Yanvar faciəsinin Azərbaycanın istiqlalı yolunda çətin sınaq olduğunu və xalqımızın qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdiyini bildirib. Samir Abbasov tariximizin şanlı səhifəsi və qürur günü kimi qəbul edilən 20 yanvar hadisələrinin vətəndaşlarımızı, soydaşlarımızı daha da birləşdirdiyini qeyd edib.  

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Türkiyənin Özbəkistandakı səfirliyinin katibi Buğra Doğan, Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin rəhbəri Ruslan İmanzadə,   Daşkənddə yaşayan soydaşımız Kifayət Hüseynova çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ən qatı bəşəri cinayət olduğunu, Azərbaycan xalqının isə şanlı bir tarix yazdığını  qeyd ediblər. 

Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr olunmuş videomaterial nümayiş etdirilib.
 
Leyla Səməndər
Missiya.Az



  • 20-01-2023, 14:30