AZ   |   RU
Nizaminin Gəncədəki abidəsinə qarşı biganəlik – Öz yurdunda işıqsız qalıb - VİDEO
  

Gəncə, Dahi Nizaminin yurdu. Burada şairin məzarı və məqbərəsi ilə yanaşı böyük bir abidəsi də var. Mirzə Abbas Abbaszadə küçəsi ilə Əttarlar küçəsinin  kəsişməsində, hamının Kəpəz mehmanxanası kimi tanıdığı binanın qarşısında, Gəncə çayının sol sahilində 1946-cı ildə heykəltaraş Fuad Əbdürəhmanov, memarlar Sadiq Dadaşov və Mikayıl Hüseynovun birgə zəhməti nəticəsində ərsəyə gələn bu tunc heykəl  Gəncəyə xüsusi bir yaraşıq verir.  Bu monumental heykəltaraşlıq əsəri 2009-cu ildə yenidən bərpa olunub və mərmər postament bürünclə əvəz olunub.

Lakin çox təəssüf ki, sözü ilə dünyaya işıq saçan dahi şairin Gəncədəki abidəsi bu gün adi işıqlandırma sistemindən məhrumdur. Zülmətləri yarmaq eşqi ilə yaşayıb yaratmış bu böyük Gəncəlinin öz doğma yurdundakı abidəsinin işıqsız qalması əlbəttə ki, üzücü haldır. Axşam düşən kimi o boyda kişinin heykəlinin üzərinə qaranlıq pərdəsi çəkilir. Qarşısından ötüb keçəndə belə abidənin varlığı hiss olunmur. Kimdir, kimin heykəlidir, ayırd edə bilmirsən. Maraqlıdır, Gəncə şəhər İcra Hakimiyyətinin, eləcə də əlaqədar qurumların rəhbər şəxsləri axşam saatlarında bu abidənin yanından heçmi keçmirlər? Keçirlərsə niyə bu adi məsələnin həllinə maraq göstərmirlər? Əlbəttə, bu suallara qəti cavabımız yoxdur. Amma bildiyimiz də var ki, şəhər rəhbərliyi Azərbaycan tarixinə, tarixi şəxsiyyətlərə və mədəni irsimizə xüsusi həssaslıqla yanaşır. Yaxşı xatırlayırıq. Bir müddət əvvəl bəstəkar Qəmbər Hüseynlinin Gəncədəki məzarı və məzarüstü abidəsi işbazlar tərəfindən başqa əraziyə köçürülmə təhlükəsi ilə üzləşmişdi. Şəhər ictimaiyyətinin səsini eşidən Gəncənin icra başçısı məzarı da, abidəni də işbazların əlindən xilas etdi.

Bu görüntülər Gəncə şəhərində gündüz vaxtı çəkilib. Gecələr, hava qaraldıqdan sonra isə Nizaminin abidəsi qaranlığa qərq olur.

Missiya TV-yə müraciət edən gəncə sakinləri heykəlin axşam saatlarında xüsusi qurğularla işıqlandırılmamasından şikayətlənirlər. Deyirlər ki, ətrafdakı küçələrdə işıq dirəkləri olsa da bu, heykəlin görüntülənməsinə bəs etmir. Adətən belə memarlıq nümunələri, heykəllərin ətrafında  xüsusi işıqlandırma sistemi quraşdırılır. Bu da həm şəhərə gözəllik verir, həm də Gəncənin qonaqlarının, abidəni ziyarət etməsinə yardımçı olur.

Ümumiyyətlə, təəssüflə həm də onu deməliyik ki, Nizami ili şairin öz doğma yurdunda heç də onun adına layiq səviyyədə keçmir. Şəhərin köhnə avtovağzalı yerləşmiş ərazidə 2016-cı ildə Gəncənin hansısa mücərrəd Avropa Gənclər Paytaxtı olması hadisəsinə həsr olunmuş yekə bir kompozisiya quraşdırılıb. 5 il keçib, dəymirlər, sökmürlər, sanki sabiq icra başçısı Elmar Vəliyevdən yadigar kimi qoruyub saxlayırlar. Amma 2021-ci ilin ölkədə Nizami Gəncəvi ili elan olunmasına dair oxşar hansısa layihəyə rast gəlmək mümkün deyil. Heç bu barədə şəhərdə balaca bir bildiriş lövhəsi də gözə dəymir. Halbuki, Nizami Gəncəvi ili şairin öz doğma yurdunda daha mükəmməl, daha təntənəli keçirilməli idi.

İlin başa çatmasına cəmi 4 ay qalıb. Ümid edək ki, heç olmasa bu müddət ərzində Nizaminin Gəncədəki abidəsi nizamlı bir qaydada işıqlandırma sistemi ilə əhatə olunacaq. Şairin özü də həmişə ümidlə yaşayıb, ümidlə yaradıb. Şərin özündə də xeyir axtarıb. Elə ona görə də yazıb ki,

Hər ümidsiz işdə xeyli ümid var,

Qaranlıq gecədən ağ şəhər doğar!

Biz də ümid edirik ki, bir gün Nizaminin Gəncədəki heykəli də qaranlıq gecədə belə günəş kimi bərq vuracaq.


Abidənin ətrafında balaca bir gül dipçəyinin olmaması isə başqa bir söhbətin mövzusudur.


Missiya.Az

  • 19-08-2021, 17:18