AZ   |   RU
Qərbi Azərbaycan İcması şəhid anaları ilə görüş keçirdi - FOTOLAR

Mayın 3-də Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşəbbüsü ilə Vətən Müharibəsinin Qərbi Azərbaycan  əsilli şəhidlərinin anaları ilə bayram görüşü keçirilib.

Missiya.Az  xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcması və Qaçqınlar Cəmiyyətinin sədri, millət vəkili Əziz Ələkbərli başda olmaqla, təşkilatın aparat üzvləri, Qadınlar Şurasının sədri Telli xanım Pənahqızının rəhbərliyi ilə icmanın qadınlar şurasının bütün üzvləri və şəhid anaları iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan İcma Qadınlar Şurasının sədri Telli Pənahqızı xeyirxahlıq və mərhəmət bayramı sayılan Ramazan bayramı münasibətilə  bütün iştirakçıları  təbrik edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirən Telli xanım şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıb. 

Daha sonra söz millət vəkili Əziz Ələkbərliyə verilib.
 
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarını diqqətdə saxladığını, verilən müvafiq sərəncam və qərarlar vasitəsilə bu təbəqədən olan şəxslər, onların ailələrin maddi, sosial durumunun hər zaman yüksəldiyini bildirən millət vəkili,  bundan sonra da Qərbi Azərbaycan İcmasının  bu kimi tədbirlərin təşkilində fəal olacağını diqqətə çatdırıb. O qeyd edib ki, şəhidlər hər zaman qəlbimizdə yaşayacaqlar. Mənfur ermənilərin Qərbi Azərbaycandan – öz yurd-yuvasından didərgin saldıqları insanların Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirakını, habelə qəhrəmanlıq göstərib canlarını fəda etmələrini xalqımız, dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Əziz Ələkbərli bir daha analara təşəkkür edib, bu qələbəni onlara borclu olduğumuzu bildirib. 
Şəhid analarının qara yaylıqlarını açmalarını diləyən Telli xanım, onların övlad itkisinə, bala dərdinə şərik olduqlarını və heç bir vaxt canını Vətənimizin müdafiəsi uğrunda fəda  etmiş  oğulları unutmayacağımızı vurğulayaraq, qonaqları ürək sözlərini eşitmək üçün səhnəyə dəvət edib. 

Çıxış edən şəhid anaları tədbirin təşkilatçılarına təşəkkür edib, hər bir şəhidin həyat yolunu anladıblar.

Qeyd edək ki, tədbirdə şəhidlər – Qəhrəmanov Orxan, Rəfiyev Ülvi, İsmayılzadə Məhəmməd, Qasımzadə Tahir, Qasımlı Muxtar, Hüseynov Orxan, Hüseynov Rövşən, Zeynalov Tural, Süleymanlı Kənan, Mustafayev Nicat, Mustafayev Nurlan və Qasımov Abbasın anaları iştirak ediblər


Digər çıxışçılardan - Qərbi Azərbaycan İcması sədrinin humanitar məsələlər üzrə müavini Azadə Novruzova, icmanın Qadınlar Şurasının sədr müavini Rəhilə Abdullayeva və icma üzvü Lamiyə Əhmədova şəhidlərimiz haqqında ürək yanğısı ilə danışaraq, bir daha şəhid analarına minnətdarlıqlarını bildiriblər. 

Sonda şəhid analarına təşəkkürnamələr və simvolik hədiyyələr verilib. Görüş bayram süfrəsi arxasında səmimi söhbətlərlə davam edib

Tədbirlə bağlı Missiya AZ və Missiya TV-yə açıqlama verən Qərbi Azərbaycan İcması və Qaçqınlar Cəmiyyətinin sədri, millət vəkili Əziz Ələkbərli, habelə İcma Qadınlar Şurasının sədri Telli Pənahqızı  bu kimi tədbirlərin icma tərəfindən davamlı keçiriləcəyini, Vətən Müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün silsilə layihələr təqdim edəcəklərini də qeyd ediblər.

Samir Hüseynov
Missiya.Az
 


  • 4-05-2022, 13:10