AZ   |   RU
Peskov İstanbulda keçirilən sülh danışıqlarını dəyərləndirib

Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasında Türkiyənin ev sahibliyi etdiyi sülh danışıqlarının üçüncü raundunda əldə olunan razılaşmaların əhəmiyyətli və müsbət olduğunu bildirib. 


Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.


Ən azı 1200 əsir əsgərin qarşılıqlı mübadiləsi və cəsədlərin dəyişdirilməsi ilə bağlı danışıqlarda razılıq əldə edildiyini qeyd edən Kremlin sözçüsü deyib:


"Müzakirələrdə irəliləyiş gözləmirdik. Bu mümkün deyil. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski dünən söyləyib ki, memorandum layihələri ziddiyyətlidir. Ancaq gündəmə gətirdiyimiz mövzular konstruktiv və konkret nəticələrə nail olmaq üçün mənalı iş tələb edir. Mübadilə prosesinin davam etdirilməsi və cəsədlərin qaytarılması insani baxımdan son dərəcə vacib və müsbət bir inkişafdır". 


Peskov vurğulayıb ki, Ukrayna tərəfi danışıqlar zamanı liderlər sammitinin keçirilməsi məsələsini qaldırıb və bunun üçün bütün lazımi işlərin görülməli olduğunu bildirib.


Xatırladaq ki, dünən Türkiyənin ev sahibliyi ilə İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundu keçirilib.



Zərintac Mayisqızı 
Missiya.Az 




  • 24-07-2025, 14:34