
Norveç hökuməti Rusiyanın iki ən böyük balıqçılıq şirkətinə - "Norebo ASC" və "Murman Seafood" MMC-yə qarşı sanksiyalar elan edib.
Missiya.Az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Norveç hökumətinin saytına istinadən məlumat yayıb.
Bildirilib ki, həmin tədbirlər hər iki şirkətin gəmilərinin Norveç sularında balıq tutmasını və ölkə limanlarına daxil olmasını effektiv şəkildə qadağan edir. Qərar Avropa İttifaqının 2025-ci il mayın 20-dən 17-ci sanksiya paketinin icrası çərçivəsində qəbul olunub.
Norveçin xarici işlər naziri Espen Bart Eidenin sözlərinə görə, bu addım Rusiya xüsusi xidmət orqanlarının fəaliyyətinə və Moskvanın Qərb ölkələrinə qarşı “hibrid kampaniyasına” qarşı yönəlmiş səylərin bir hissəsidir.
"Biz Rusiya Federasiyasının müttəfiqlərinə qarşı getdikcə daha aqressiv hərəkətlər etdiyini görürük. Fikrimizcə, sözügedən tendensiya davam edəcək", - Eide deyib.
O əlavə edib ki, Norebo və Murman Seafood Norveç və onun müttəfiqlərinin ərazi sularında kritik sualtı infrastruktura qarşı Kremlin sponsorluğu ilə aparılan müşahidə əməliyyatlarında iştirak edir.
"Bu cür fəaliyyətlər gələcək təxribata töhfə verə və milli təhlükəsizliyə təhlükə yarada bilər", - XİN rəhbəri əlavə edib.
Zərintac Mayisqızı
Missiya.Az