Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya və Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Missiya.Az Report-a istibadən xəbər verir ki, sənədi Milli Observatoriya İdarə Heyətinin sədri Elnur Səfərli və ATM-nin direktoru Rəşad Hüseynov imzalayıb.
İmzalama mərasimində çıxış edən E.Səfərli bildirib ki, rəhbəri olduğu qurumun fəaliyyəti əmək bazarının dinamikasına uyğun çevik yanaşmaların formalaşdırılmasına, sosial siyasətin elmi əsaslarla qurulmasına və dövlətin məşğulluq strategiyalarının dəstəklənməsinə yönəlib.
R.Hüseynov çıxışında qeyd edib ki, ATM aqrar siyasətin elmi əsaslarla formalaşdırılması və analitik bazasının yaradılması istiqamətində fəaliyyət göstərir. Mərkəzin 'beyin mərkəzi' funksiyasını yerinə yetirdiyini vurğulayan direktor bu sahədə həm yerli, həm də beynəlxalq səviyyədə elmi və analitik əməkdaşlığa xüsusi önəm verdiklərini deyib.
İmzalanan sənədə əsasən, tərəflər aqrar sahədə əmək bazarının vəziyyəti, məşğulluq səviyyəsi, işçi qüvvəsinin strukturu və peşə tərkibi üzrə birgə tədqiqatlar aparacaq, kənd yerlərində işsizliyin və qeyri-formal məşğulluğun azaldılması ilə bağlı təkliflər hazırlayacaqlar.
Bundan başqa, tərəflər arasında aqrar əmək bazarına dair statistik məlumatların qarşılıqlı mübadiləsi, məlumat bazalarının inteqrasiyası və uyğunlaşdırılması, eləcə də kənd təsərrüfatında tələb olunan yeni peşə və bacarıqların müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq da nəzərdə tutulur.