Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə başlayıb.
Missiya.Az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiirlib.
Ramin Şükürovun vəkili Abbas Atakişiyev bildirib ki, cinayət işi ilə tanış deyil:
"Mənə cinayət işi ilə tanış olmaq üçün vaxt verilməsini istəyirəm".
Hakim Fikrət Əliyev qeyd edib ki, Ramin Şükürovun həbs, Xalid Əzimov və Emil Nəbiyevin isə ev dustaqlığı qətimkan tədbirinin müddəti iyulun 3-də bitir və bunun uzadılması məsələsi müzakirəyə çıxarılıb.
Vəkil Ceyhun Yusifov vurğulayıb ki, Ramil Şükürov ağır ürək xəstəsidir:
O, məhkəmə zalına müalicə mərkəzindən gətirilib. Orada intensiv şəkildə müalicə alır. İyunun 23-də Mərkəzi Gömrük Hospitalında müayinədən keçib. Həmin sənədin işə əlavə edilməsini, öhdəliyində azyaşlı övladının olmasını nəzərə almağınızı xahiş edirik".
Müdafiə tərəfi söyləyib ki, təqsirləndirilən şəxslər eyni maddələr üzrə ittiham olunurlar:
"Xaliq Əzimov və Emil Nəbiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Lakin Ramil Şükürov həbs edilib. Müvəkkilimin həbsdə saxlanılması üçün əsas yoxdur. Öncə Ramil Şükürov barəsində ev dustaqlığı seçilsə də, sonradan istintaq orqanı həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət verib. Ya şəxslərin hamısı barəsində ev dustaqlığı seçilməlidir, ya da həbs edilməlidirlər".
Sonda təqsirləndirilən şəxslər barəsində olan qətimkan tədbirinin müddəti hazırlıq iclasının keçirilməsinə qədər uzadılıb.
Hazırlıq iclası iyulun 11-də davam etdiriləcək.
Qeyd edək ki, R.Şükürov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifəsində işləyərkən Xalid Əzimov və Emil Nəbiyevlə cinayət əlaqəsinə girib.
Onların çağırışçıların həqiqi hərbi xidmətə cəlb edilməməsi ilə əlaqədar dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesini sürətləndirmək müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaşın dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə köməklik göstərilməsi ilə bağlı sonuncudan 30 min manat məbləğində pul vəsaitini alaraq həmin şəxsə hərbi biletin verilməsinə nail olmaqla vəzifəli şəxslərin və hərbi həkim komissiyasının qərarına qanunsuz təsir göstərməsinə (nüfuz alveri etməsinə) əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.
Emil Nəbiyev və Xalid Əzimova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub.
Ramin Şükürov barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimov barəsində isə ev dustaqlığı qətimlan tədbiri seçilib.