AZ   |   RU
Azərbaycanın enerji suverenliyində yeni səhifə

Azərbaycanın energetika tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilən “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi, ölkənin iqtisadi və strateji inkişafında mühüm rol oynamaqla yanaşı, həm də milli ruhun, zəfər əzminin infrastrukturda təcəssümüdür. Prezident İlham Əliyevin Mingəçevirdə keçirilən açılış mərasimindəki çıxışı bu hadisənin sadəcə texniki deyil, siyasi, tarixi və mənəvi çalarlarını da ortaya qoydu.


1880 meqavat generasiya gücünə malik olan “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın indiyədək ən böyük elektrik stansiyasıdır və bu, ölkənin ümumi elektrik enerjisi istehsalının 40 faizindən çoxunun Mingəçevirdə gerçəkləşdirildiyini göstərir. Belə bir güc mərkəzinin yaradılması Azərbaycanın enerji sisteminin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, Mingəçeviri Cənubi Qafqazın aparıcı energetika mərkəzinə çevirir.


Mingəçevirdə energetika ənənəsi 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulan “Azərbaycan” İstilik Elektrik Stansiyası ilə başlamışdı. Həmin dövrdə sovet miqyasında belə strateji əhəmiyyət daşıyan bu infrastruktur Azərbaycanın enerji təhlükəsizliyində əsas dayaqlardan biri olmuşdu. Müstəqilliyin ilk illərindəki enerji böhranı fonunda həmin stansiya ölkəni qaranlıqda qoymamaq üçün öz rolunu qorudu.


Son 20 il ərzində isə Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sektorunda genişmiqyaslı islahatlar və infrastruktur quruculuğu həyata keçirildi. “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulması, Su Elektrik Stansiyasının gücləndirilməsi və nəhayət, “8 Noyabr” Stansiyasının rekord müddətdə - cəmi iki ilə inşası bu siyasətin parlaq nəticəsidir.


Müqayisə üçün qeyd olunmalıdır ki, sovet dövründə bir blokun inşası yeddi il çəkirdisə, bu gün 2 min meqavatlıq stansiya cəmi iki ilə ərsəyə gəlmişdir. Bu sürət və keyfiyyət həm yerli mütəxəssislərin peşəkarlığının, həm də beynəlxalq tərəfdaşlarla, xüsusilə İtaliya və Çinlə səmərəli əməkdaşlığın nəticəsidir. Çin şirkətləri günəş panelləri və texnoloji avadanlıq təminatında, İtaliya isə qaz və enerji infrastrukturu sahəsində uzunmüddətli tərəfdaş kimi layihədə iştirak edib.


Enerji sektoru hər bir ölkənin milli təhlükəsizlik sütunlarından biridir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Mingəçeviri, xüsusilə stansiyanı və su bəndini hədəfə alması enerji infrastrukturunun strateji əhəmiyyətini bir daha ortaya qoydu. Bu təhdidlər fonunda ölkəmiz daha dayanıqlı və təhlükəsiz enerji şəbəkəsi qurmağa nail oldu.


Yeni stansiyanın enerji səmərəliliyi də xüsusi qeyd olunmalıdır. Şərti yanacağa qənaət edilməsi sayəsində daxili ehtiyatlar daha səmərəli istifadə olunur, təbii qaz ixracı artır və nəticədə ölkənin iqtisadi gəlirləri yüksəlir. Eyni zamanda, 2030-cu ilə qədər Azərbaycanın 6500 meqavat yaşıl enerji istehsal etməyi hədəfləməsi ölkənin həm enerji müstəqilliyini, həm də ekoloji dayanıqlığını möhkəmləndirəcəkdir.


Stansiyaya “8 Noyabr” adının verilməsi isə dərin simvolik mənaya malikdir. Bu tarix 2020-ci ildə Qarabağ Zəfərinin əldə olunduğu gündür. Bu addım, zəfər ruhunun milli inkişafa və iqtisadi gücə transformasiyasının rəmzi olaraq enerji infrastrukturuna da yansıdır. Bu, həm də Azərbaycanın gələcəyə yönəlmiş inkişaf modelinin ideoloji əsaslarını formalaşdırır.


“8 Noyabr” Elektrik Stansiyası yalnız enerji istehsal edən texniki qurğu deyil – bu, milli müstəqilliyin, strateji düşüncənin və qələbə əzminin birləşdiyi möhtəşəm layihədir. Azərbaycan bu stansiya ilə enerji sektorunda təkcə daxili tələbatı deyil, həm də Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş rolunu daha da gücləndirmiş olur. Bununla da, ölkəmiz regional və qlobal miqyasda sabitlik, inkişaf və tərəqqi məkanı kimi öz nüfuzunu daha da möhkəmləndirir.



Firdovsi Calalov

Masazır bələdiyyəsinin sədri




  • Dünən, 18:03