
Azərbaycanın inkişafının əsas xarakterik göstəricilərindən biri energetika sektorunda və elektrik enerjisi ilə təminatda baş verən dinamik keyfiyyət dəyişiklikləridir. Xüsusən son 20 illik dövr generasiya güclərinin daha da artırılması, respublikanın hər yerində elektrik enerjisi ilə təchizatda etibarlılığın və dayanıqlılığın gücləndirilməsi, o cümlədən «yaşıl enerji»yə keçidlə bağlı çoxsaylı layihələrin həyata keçirilməsi ilə əlamətdardır.
Prezident İlham Əliyevin iştirakı ilə iyunun 24-də Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası olan “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi bir daha göstərdi ki, ölkəmizdə yeni generasiya güclərinin yaradılması istiqamətində işlər davamlıdır. 1880 meqavat gücündə olan bu elektrik stansiyasının istismarına başlanılması ilə Azərbaycanın ümumi generasiya gücü 9000 meqavata çatdırıldı, enerji təhlükəsizliyimiz daha da möhkəmləndirildi, respublikamızın elektrik enerjisinin ixracı potensialı bir qədər də artırıldı. Eyni zamanda bu nəhəng elektrik stansiyasının yaradılması ilə Azərbaycan Cənubi Qafqazın energetika mərkəzi kimi statusunu daha da gücləndirdi.
Ümumiyyətlə, Azərbaycanın elektrik enerjisinin istehsalı sahəsində böyük tarixi və zəngin təcrübəsi var. Ulu Öndər Heydər Əliyevin Azərbaycana hələ birinci rəhbərliyi dövründə ölkədə böyük generasiya gücləri yaradılmışdı. “Azərbaycan” İstilik Elektrik Stansiyası, Şəmkir Su Elektrik Stansiyası ötən əsrin 70-80-ci illərində inşa edilən və bu gün də respublikamızın elektrik enerji istehsalında aparıcı rolu olan stansiyalardır. Heydər Əliyevin rəhbərliyinin birinci dövründə yaradılmış potensial hesabına artıq 1980-ci illərdən etibarən Azərbaycan nəinki özünü elektrik enerjisi ilə tam təmin edə bilirdi, üstəlik, yerli hasilatın bir qismini qonşu respublikalara verirdi. Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də inkişaf etdirilmiş, yüksək gərginlikli xətlər çəkilmiş, yarımstansiyalar inşa olunmuşdu. Bütün bunların davamı kimi Azərbaycanın bütün yaşayış məntəqələrinə, respublikamızdakı hər bir evə elektrik xətti çəkilmişdi.
Müstəqilliyimzin ilk illərində yaşanan böhran elektroenergetika sistemindən də yan ötməmişdi. Prezident İlham Əliyevin “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi mərasimində çıxışı zamanı o dövrlə bağlı qeyd etdiyi bir fakt – axşamlar televiziya verilişlərinin dayandırılması yaxşı xatirimizdədir. Çünki həmin vaxt böhranlar səbəbindən elektrik stansiyaları lazımi səviyyədə elektrik enerjisi istehsal edə bilmirdilər. Əgər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş «Azərbaycan» İES olmasaydı, həmin vaxt respublikamızın enerji təchizatında daha ciddi problemlər baş verə bilərdi.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikanın enerji sisteminin gücləndirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirdi. Yenikənd Su Elektrik Stansiyasının inşasının başa çatdırılması, digər elektrik stansiyalarında aparılan yenidənqurma işləri nəticəsində enerji təchizatında yeni inkişaf mərhələsi başladı.
Azərbaycanın etirbarlı və dayanıqlı energetika sisteminə malik olması, generasiya güclərinin artırılması cənab Prezident İlham Əliyevin respublikamıza rəhbərliyinin ilk vaxtlarından xüsusi diqqət yetirdiyi məsələlərdən biridir. Ötən 20 ildə 105 meqavat gücündə «Bakı» Elektrik Stansiyasının, 300 meqavat gücündə “Səngəçal” Elektrik Stansiyasının, 525 meqavat gücündə “Sumqayıt” Elektrik Stansiyasının, 105 meqavat gücündə "Şahdağ" Elektrik Stansiyasının, 780 meqavat gücündə “Cənub” Elektrik Stansiyasının, 400 meqavat gücü olan “Şimal-2” stansiyasının istismara verilməsi respublikamızın generasiya gücünün artırılmasında böyük rol oynayıb. Yeni generasiya güclərinin yaradılması, mövcud elektrik stansiyalarının müasir tələblər səviyyəsində yenidən qurulması respublikamızın elektrik enerjisi ilə təminatını gücləndirməklə və iqtisadi inkişafda mühüm rol oynamaqla yanaşı, həm də Azərbaycanı elektrik enerjisini ixrac edən dövlətə çevirib. Qeyd edilənlərlə bərabər bölgələrdə kiçik su elektirk stansiyaları, o cümlədən modul tipli stansiyalar da tikilib ki, bunlar da artan tələbata uyğun olaraq, regionların sosial-iqtisadi inkişafına xidmət edir.
“8 Noyabr” ES-nın istifadəyə verilməsi ilə son 20 ildə yaradılan stansiyaların sırasına daha biri əlavə olundu, elektroenergetika sistemimiz daha da böyüdü. Onu da qeyd etməliyik ki, ən müasir standartlara cavab verən bu elektrik stansiyası yanacaqla işləyən digər enerji istehsalı müəssisələrindən fərqlənir. Belə ki, ən müasir texnologiyalar əsasında fəaliyyət göstərdiyi üçün “8 Noyabr” hər kilovat saat üçün ən az qaz yandıran stansiyadır. Bunun da nəticəsində ildə 1 milyard kubmetr təbii qaza qənaət olunacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək:
“8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Qeyd etdiyim kimi, enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək”.
Son illərdə isə respublikamızın enerji siyasətində tamamilə yeni mərhələ başlayıb. Məsələ ondadır ki, Prezident İlham Əliyevin bu sahədə yürütdüyü müdrik və uzaqgörən siyasətin nəticəsi olaraq Azərbaycan həm də «yaşıl enerji»yə uğurlu keçid edir. 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi, 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasının davam etdirilməsi, Cəbrayıl rayonunda 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlinin qoyulması təsdiq edir ki, Azərbaycanda «yaşıl enerji»yə keçid sürətlidir. Qarabağ və Şərqi Zəngəzur isə «yaşıl enerji» zonası elan edilib. İşğaldan azad edildikdən sonra bu ərazilərdə bərpaolunan enerji stansiyalarının yaradılması istiqamətində intensiv işlər görülür. İndiyədək Qarabağ və Şərqi Zəngəzurda 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və bu sahədə işlər davamlıdır.
Bütövlükdə, Azərbaycan «yaşıl enerji»yə keçid və «yaşıl enerji» istehsalı sferalarında da qabaqcıl ölkələr sırasındadır. Dövlətimizin başçısının qeyd etdiyi kimi imzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcək. Əlbəttə ki, bütün bunlar Azərbaycanın elektrik enerjisi ixracı potensialını daha da gücləndirəcək.
Enerji təhlükəsizliyi məsələləri bütün dünyada aktual olaraq qalmaqdadır. Təsadüfi deyil ki, bu məsələ həm də dövlətlərin milli təhlükəsizliklərinin tərkib hissəsi kimi nəzərdən keçirilir. Böyük məmnunluqla bildirməliyik ki, Prezident İlham Əliyevin yürütdüyü enerji siyasəti nəinki Azərbaycanın, eyni zamanda 12 dövlətin enerji təhlükəsizliyini təmin edir. Milli maraqlarımızın qorunmasına uğurla xidmət edən, dünyaya səs salan bu nümunəvi enerji siyasəti öz dinamizmi ilə həm də zamanı qabaqlayır.
Xanlar Fətiyev
Milli Məclisin deputatı