Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu mərhələsi başa çatıb.
Missiya.Az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə qəbulun müsahibə mərhələsinin başlaması ilə əlaqədar keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 10 aprel - 15 iyun aralığında davam etmiş sənəd qəbulu mərhələsi çərçivəsində Dövlət Proqramına dünyanın 19 ölkəsinə aid 94 ali təhsil müəssisəsi üzrə 1147 namizəd müraciət edib:
"Gənclərin 310-u dünya reytinq cədvəllərində ("Times Higher Education", "QS World University Rankings", “Academic Ranking of World Universities (Shanghai)”) ilk top10-da yer tutan ali təhsil müəssisələrindən qəbul əldə edərək Dövlət Proqramına müraciət edib.
Namizədlər tərəfindən daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə Respublikası, Amerika Birləşmiş Ştatları, Avstraliya İttifaqı, İtaliya Respublikası yer alır. Namizədlərin seçimlərinə əsasən daha çox müraciət olunan ixtisas istiqamətləri isə informasiya texnologiyaları, dövlət idarəetməsi, mühəndislik, iqtisadiyyat, maliyyə kimi ixtisas istiqamətlərini qeyd etmək olar".
T.Topalova qeyd edib ki, müvafiq qaydalara əsasən, Dövlət Proqramının iştirak tələblərinə cavab verən və birinci mərhələdə sənədlərini uğurla təqdim edən namizədlər II mərhələdə, yəni müsahibə mərhələsində iştirak edirlər:
"Dövlət Proqramına qəbul çərçivəsində ikinci mərhələ sayılan müsahibə mərhələsinə bugündən (25 iyun 2025-ci il) etibarən start verilir. Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az-da yer alan şəxsi kabinetləri üzərindən bildiriləcək. Müsahibə zamanı verilən qiymətin yuxarı həddi 50 baldır. Minimum 40 bal toplamış namizədlər meyarlara uyğun hesab edilir və müsabiqədə iştirak hüququ qazanır".
Qrup rəhbəri deyib ki, Prezidentin 12 avqust 2024-cü il tarixli 248 nömrəli Sərəncamı rəhbər tutularaq Dövlət Proqramına qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub:
"Kvotanın 25 faizdən çox olmayan hissəsi bakalavriat səviyyəsini, 20 faizdən çox olmayan hissəsi doktorantura, qalan hissəsi isə magistratura səviyyəsini əhatə edəcək".