
“İran Zəngəzur dəhlizi yaratmaq cəhdinin qarşısını aldı”.
Missiya.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
Onun sözlərinə görə, İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb. Bu gücün ən bariz əlamətlərindən biri İranın Cənubi Qafqaz regionunda böhrana çevik və qətiyyətli reaksiya verməsi idi.
“Bəzi ölkələr İranın Avropaya gedən yolunu bağlamaq mənasına gələn Zəngəzur dəhlizinin yaradılması ilə Naxçıvanı Ermənistan vasitəsilə Azərbaycanla birləşdirməyə cəhd etdikdə, Tehran bu plana qəti şəkildə qarşı çıxdı və onun həyata keçirilməsinə mane oldu”, - deyə Vilayəti vurğulayıb.
O bildirib ki, ABŞ-nin sabiq Prezidenti Co Bayden dəhlizin işə salınması üçün hər şeyin hazır olduğunu etiraf etmişdi, lakin layihənin həyata keçirilməsinə İran mane olub.
"Bu bəyanat sübut edir ki, İran İslam Respublikası hətta Rusiyanın dəstəyi olmadan belə, Cənubi Qafqaz regionunda təhlükəsizliyi qoruyub saxlaya bilib və ehtiyatlı diplomatiya yolu ilə NATO-nun nüfuzunun qarşısını ala bilib", - deyə Vilayəti əlavə edib.
O qeyd edib ki, Zəngəzur dəhlizinin məqsədi təkcə İranın yolunu şimaldan kəsmək deyil, həm də cənubdan Rusiya ətrafındakı halqanı mühasirəyə alıb bağlamaqdır. Lakin bu layihə də uğursuzluğa düçar oldu.
Daşqın Həsənov
Missiya.Az