AZ   |   RU
FSB sənədlərində Çini “düşmən” ölkə göstərən bölmə yaradılıb - İDİAA

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) tərkibində Çini “düşmən” kimi görən və Pekinin addımlarını şübhə ilə izləyən xüsusi bölmənin yaradıldığı iddia edilib. 


Missiya.Az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti FSB-yə aid olduğu iddia edilən sənədə istinadən məlumat yayıb.


Bildirilib ki, bu bölmə Çini Rusiya üçün “ciddi təhlükəsizlik təhdidi” və “düşmən” kimi görür və Pekinin addımları diqqətlə izlənilir.


Sənəddə Çin Rusiya agentlərini və alimlərini işə götürməkdə, Rusiyanın həssas müharibə texnologiyalarını anlamağa çalışmaqda, Rusiya ərazisinə iddia irəli sürməkdə və Arktika regionu üzərində suverenlik bərqərar etməyə çalışmaqda ittiham olunur.


Qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi başlayandan az sonra Çin müdafiə şirkətləri və kəşfiyyat xidmətlərinin rəsmiləri Ukrayna müharibəsini daha yaxşı başa düşmək üçün Rusiyaya gəliblər.


Çinin PUA və Qərb mənşəli silahların iştirak etdiyi müharibədə texniki məlumat toplamaq məqsədi daşıdığını iddia edən sənəddə Pekinin təyyarə baxımından Rusiyadan geri qalmamağı hədəflədiyi də vurğulanıb.


Sənəddə Çinin keçmiş Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) ölkələrində yumşaq güc yaratmaq üçün yeni strategiyalar hazırladığı və Özbəkistanda bu strategiyaları həyata keçirməyə başladığı barədə məlumatlar da yer alıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 10:41