AZ   |   RU
Çıxarışsız əmlaklar üçün başqa hansı sənədlər keçərli sayılır? - AÇIQLAMA



Daşınmaz əmlak bazarında kifayət qədər evlər var ki, çıxarışı yoxdur. Bu da hüquqi cəhətdən bir çox problemlər yarada bilir. Vətəndaşın çıxarışı olarsa öz mənzilində qeydiyyata düşə, onu notarial qaydada sata, banka girov qoya bilər. Digər əmlaklarda - yeni tikili binalarda ilkin sənəd kimi şirkət tərəfindən vətəndaşa maliyyə arayışı və alqı-satqı müqaviləsi təqdim edilir ki, bu da həmin mənzilin vətəndaşa məxsus olduğunu sübut edir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Missiya.Az-a açıqlamasında deyib ki, bəlli zamandan sonra adı çəkilən yeni tikili binalardakı mənzillər də çıxarışla təmin edilir:

“O cümlədən fərdi yaşayış evlərinə nəzər salsaq bir zamanlar rayon icra hakimiyyətləri, bələdiyyələr, kolxoz və sovxozlar tərəfindən vətəndaşlara fərdi yaşayış evlərini tikmək üçün torpaq sahələri ayrılıb, həmin torpaq sahələri sərəncam və qərar üzərində olub, bu sərəncam və qərarlar üzərindən vətəndaşlar fərdi yaşayış evlərini inşa ediblər. Ancaq qeyd olunan sərəncam və qərarlara görə inşa olunmuş yaşayış evlərinin böyük əksəriyyətinə çıxarış verilmədiyi üçün bir çoxları bu günə qədər həmin fərdi yaşayış evlərində yaşayırlar. Sözügedən qərarların dəyişdirilməsi isə mümkünsüzdür, ancaq gələcəkdə onlar da çıxarışla təmin olunarsa insanlar öz əmlaklarını istədikləri qaydada sata, digər şəxslərə bağışlaya bilərlər. Habelə, paytaxtın mərkəzi ərazilərində sovetlər dövründən qalan “jek” evlər adlanan ərazilərdə sənədlərin böyük bir hissəsi ev kitabçası adlanır ki, kitabçada mənzilin layihəsi çəkilir və qeydiyyatda olan şəxslərin adları yazılır. Təbii ki, bu da böyük hüquqverici sənəd olmasa da o mənzil istismar idarələri tərəfindən evlərin vətəndaşlara aid olduğunu sübut edən sənəddir”.



Zərintac  Mayisqızı
Missiya.Az




  • Dünən, 10:34