
İslam dünyası olaraq aramızda olan ticarət və əməkdaşlıq imkanlarını maksimum dərəcədə artırmalıyıq.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2-ci İstanbul Dünya İslam İqtisadiyyatı Zirvə Toplantısında çıxışında deyib.
"2-ci İstanbul Dünya İslam İqtisadiyyatı Zirvəsi münasibətilə sizi üç qitənin kəsişməsi İstanbulda qonaq etməkdən şərəf duyuram. Ümid edirəm ki, xaricdən şəhərimizə gələn qonaqlarımız bu qədim şəhəri bütün cəhətləri ilə yaşayacaqlar. Ölkənizdəki qardaşlarınıza salam götürməyinizi xahiş edirəm. Bu gün İslam maliyyəsinin qurucularından olan Şeyx Saleh Abdullah Kamili ehtiramla yad edirəm. Mən də burada qardaşım Abdullah Saleh Kamili təbrik edirəm.
Biz müsəlmanlar olaraq dünya əhalisinin 25 faizini təşkil edirik. Halbuki İslam maliyyəsi 2,5 trilyon dollar səviyyəsindədir. İslam Təşkilatına üzv ölkələrin dünya ticarətindəki payı 11 faiz səviyyəsindədir. İslam dünyası olaraq biz öz aramızda olan ticarət, investisiya, maliyyə və əməkdaşlıq imkanlarını maksimum dərəcədə artırmalıyıq. Hesab edirəm ki, İslam iqtisadiyyatı üçün strategiyalar məqsədilə təşkil olunmuş sammitimizdə aparılan müzakirələr çox faydalı oldu. 3 gün davam edəcək zirvədə dəyərli adlar iştirak edəcək", - Ərdoğan əlavə edib.
Zərintac Mayisqızı
Missiya.Az