
Azərbaycan ilə Türkiyə arasında mövcud olan hərbi əməkdaşlıq əlaqələrinin davamı olaraq, qardaş ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyindən Missiya.Az-a verilən məlumata əsasən səfər çərçivəsində Türkiyə HDQ nümayəndələri Azərbaycan HDQ-nin strukturuna daxil olan müxtəlif hərbi hissələri, gəmiləri və təlim mərkəzlərini ziyarət ediblər.
Həmin ziyarət zamanı qonaqlara Azərbaycan HDQ-nin fəaliyyəti, döyüş hazırlığı və kadrların peşəkar inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Görüş zamanı hər iki tərəf arasında səmərəli fikir mübadiləsi aparılaraq hərbi dənizçilik sahəsində əldə olunmuş təcrübələrin qarşılıqlı şəkildə paylaşılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində razılıq əldə olunub. Belə görüşlər iki dost və qardaş ölkənin HDQ arasında əlaqələrinin daha da möhkəmlənməsinə, qarşılıqlı anlaşma və etimadın dərinləşməsinə xidmət edir.