
30 aprel tarixini yaşayırıq. Bəs bu gün hansı tanınmış şəxslərin doğum günüdür ?
Missiya.Az onları təqdim edir:
1. 30 aprel 1880-ci ildə Xalq rəssamı, karikatura sənətinin banisi Əzim Əzimzadə Bakının Novxanı kəndində doğulub. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub.
1943-cü il may ayının 15-də Bakıda vəfat edib.
2. 1947-ci ilin bu günündə Xalq artisti, tanınmış tarzən Ramiz Quliyev anadan olub. Sənətkar dünyanın bir sıra ölkələrində Azərbaycan musiqisini təbliğ edib. O, bir çox beynəlxalq və milli mükafatlara layiq görülüb. Beynəlxalq müsahibələr laureatı, dirijor Əyyub Quliyevin atasıdır.
Ramiz Quliyev hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında öz pedaqoji fəaliyyətini davam etdirir.
3. Vətən Müharibəsi Qəhrəmanı, İkinci Qarabağ Savaşının qazisi Şahin Hüseyinquliyev 30 aprel 1991-ci ildə dünyaya göz açıb. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Şahin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.
Zərintac Mayisqızı
Missiya.Az