
Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal sürətdə dəstəkləyib.
Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər. Bu baxımdan Azərbaycanla Gürcüstan münasibətləri xüsusi vurğulanmalıdır.
Azərbaycan və Gürcüstan arasında uzun tarixi keçmişə dayanan dostluq, mədəni və siyasi əlaqələr, sıx əməkdaşlıq və mehriban qonşuluq münasibətləri olub. Bu səmimi münasibətlər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə daha da güclənib bütün sahələr üzrə inkişaf edir. Xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşayırlar. Dövlətlərarası münasibətlərimizin də qədim, zəngin tarixi vardır.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də qurulmuşdur. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. 2009-cu ildə Azərbaycanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.
Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan küçə və park və Heydər Əliyevin əzəmətli abidəsi var. Bütün bunlar Heydər Əliyevin Gürcüstanla Azərbaycanın əlaqələrinə böyük önəm verməsi ilə əlaqədardır. Ulu Öndər qeyd etmişdir: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardırlar. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.
Bu dostluq, qardaşlıq münasibətlərini Ümummilli Lider Heydər Əliyevin siyasi davamçısı Prezident İlham Əliyev 2003-cü ildən bəri uğurla davam etdirir.
Son illərdə iki dost ölkə arasında keçirilən görüşlərin, ikitərəfli əlaqələrin daha da genişlənməsi, iqtisadi və siyasi əməkdaşlıq regionda qarşılıqlı təhlükəsizlik məsələlərinin həllinə xidmət edir. Odur ki, Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri və Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü xüsusi önəm kəsb edir. Prezident Mixeil Kavelaşvilinin aprel ayının 16-da ilk rəsmi səfərini Azərbaycana etməsi də Azərbaycan və gürcü xalqları arasında sarsılmaz dostluğu bir daha sübut edir.
Qonşu ölkənin başçısının ilk səfərini 30 il işğalda saxlanılan torpaqlarını öz gücü ilə azad edən, sülhsevər Azərbaycana etməsi Ermənistana da bir mesaj olmalıdır ki, qonşu ölkələr haqqın, ədalətin və eyni zamanda sülhün tərəfindədirlər.
Səfər zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə təkbə tək görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşündə bildirib ki, əsirlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. İndi də bu belədir. Dövlətlərarası münasibətlərimiz yüksək səviyyədədir. Dövlət başçısı qeyd edib ki, Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələr icra edirlər. Bu layihələr həm ölkəmiz, həm də xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır.
Dövlət başçımız iki ölkə arasında olan siyasi əlaqələrlə bağlı da fikirlərini söyləyib: “Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır”.
Azərbaycan və Gürcüstan Cənubi Qafqazın sülh regionuna çevrilməsi istiqamətində də bir sıra işlər görməkdədir. Regionda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfələrini verirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək”.
Qeyd olunduğu kimi Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə malikdir. Hər iki ölkə uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Prezidenti görüşdə bildirmişdir ki, Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir.
Ölkəmizin Gürcüstanla əlaqələrinin dərinləşməsi və genişlənməsi hər iki ölkə üçün olduqca zəruridir. Belə ki, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.
Bu gün Azərbaycan və Gürcüstan təmsil olunduqları regional və beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər. Eyni mövqedən çıxış edir və biri-birini dəstəkləyirlər. Bu da hər iki ölkənin uğurlu inkişafına xidmət edir.
Şəhla Ağbulud
Yazışı-publisist, “Abşeron” qəzetinin baş redaktoru