AZ   |   RU
“Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır” - Paşinyan

“Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır, çünki bu, Ermənistanın dövlətçiliyinin, müstəqilliyinin və suverenliyinin qarşısını almaq üçün alət olub və olacaq. Təəssüf ki, biz bunu çox gec dərk etmişik”.


Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.


O qeyd edib ki, hələ 1980-ci illərin sonlarında Ermənistanın müstəqilliyi ideyası müstəqil dəyər kimi deyil, Qarabağ probleminin həlli vasitəsi kimi ortaya çıxıb. Yəni Ermənistan müstəqilliyi firavan həyat məqsədi ilə deyil, Qarabağ məsələsinə görə əldə edib.


Paşinyanın sözlərinə görə, artıq otuz ilə yaxındır ki, dövlət idarəçiliyi modeli formalaşıb ki, onun əsas məqsədi və hərəkətverici qüvvəsi Qarabağ məsələsinin həlli olub. 


Siyasətçi bildirib ki, o, bunu tənqid kimi deyil, fakt kimi deyir, çünki cəmiyyət bu modellə tamamilə barışıb. İllərdir ki, mənim özüm də informasiyaya daha geniş çıxış imkanı əldə edərək, vəziyyətin daha dərin mənasını dərk etməyə başlayana qədər bu yanaşma ilə razılaşmışam.


“Əgər Ermənistan üçün müstəqillik və dövlətçilik Qarabağ məsələsinin həlli vasitəsi idisə, bəzi xarici qüvvələr üçün Qarabağ məsələsi sadəcə olaraq Ermənistanın müstəqilliyinə, inkişafına, suverenliyinə mane olmaq vasitəsi idi”, - deyə Paşinyan vurğulayıb.


Paşinyan əlavə edib ki, bu məqsədlər 2018-ci ildən sonra xüsusilə aktivləşib, 2020-ci ilin sentyabrında həlledici mərhələyə çatıb və 2021-ci ilin mayında kulminasiya nöqtəsinə çatıb.


Siyasətçi Ermənistan dövlətçiliyinin yeganə mənasının Qarabağ məsələsi olduğu yanaşmanı tənqid edib. 


“Qarabağ hərəkatını davam etdirmək cəhdi Ermənistan üçün təhlükəlidir".


Onun sözlərinə görə, bu hərəkat Ermənistanın dövlətçiliyinə mane olmaq və qarşısını almaq üçün alətə çevrilib.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • 17-04-2025, 16:14