
Bəzi valideynlər övladlarının daha yaxşı şəraitdə, keyfiyyətli və peşəkar təhsil alması üçün onları özəl məktəb yaxud liseylərə göndərirlər. Özəl təhsil müəssisələri də elə yaxşı təhsil və rahat şərait yaratdıqlarını əsas gətirərək ödənişlərin məbləğini minimum 5-6 min, maksimum 16-17 min manat, hətta daha yüksək qoyurlar.
Təhsil eksperti Elçin Əfəndi Missiya.Az-a açıqlamasında bir çox müəssisələr tərəfindən şagirdlərin qidalanması, yaxud yataqxana şəraiti, o cümlədən daha peşəkar müəllim heyəti, müasir innovasiyalarla tam təchiz olunmuş auditoriyalar və s. təqdim edildiyini bildirib:
“Əlbəttə, bütün bunların müqabilində aylıq, ya da illik təhsil haqları yüksək olur. Bəzi özəl məktəblər var ki, onlar hətta servis xidməti olaraq şagirdlərin daşınmasını həyata keçirirlər. Bir nöqtədən digər nöqtəyə uşaqların daşınması məhz ödənilən məbləğin içərisində nəzərdə tutulur. Habelə, Beynəlxalq proqrama da qoşulurlar. Həmin proqramlar xaricdə təhsil imkanı yaradır. Bütün qeyd olunan amillər həmin təhsil müəssisələrinin illik haqlarına təsir edir”.

Elçin Əfəndi vurğulayıb ki, bəzən isə təyin olunan qiymətlərlə verilən ümumi xidmətlər ziddiyyət arasında müşahidə edilir:
“Bir qisim özəl məktəblər və liseylər daha çox şişirdilmiş qiymətlər təyin edirlər. Ən yaxşı, real qiymət ailə büdcəsini nəzərə alaraq müəyyənləşərsə daha məqsədəuyğun olar”.
Zərintac Mayisqızı
Missiya.Az