AZ   |   RU
Nizami rayonunda Beynəlxalq Əlillər Günü qeyd olunub – Missiya Media Qrupu və Nizami rayon İcra Hakimiyyətinin birgə layihəsi - FOTOLAR
Bu gün Nizami rayonunda 3 Dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib. Missiya Media Qrupu və Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı irə reallaşan tədbir xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli şəxslərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ziyafət süfrəsi ətrafında baş tutub.
 
Tədbirdə giriş sözü ilə Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək 3 dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı məlumat verib, ölkəmizdə əlillərlə bağlı aparılan dövlət siyasətinin əhəmiyyətindən, həyata keçirilən sosial  proqramlardan danışıb. O qeyd edib ki, bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən proqramlarda əlillərin reabilitasiyası və sosial müdafiəsi kimi mühüm istiqamətlər öz əksini tapır. Azərbaycanda müharibə əlillərinin də xüsusi qayğı ilə əhatə olunduğunu deyən Gülnaz İsrafilova, bu qayğının Vətən Müharibəsində qazandığımız qələbədə müstəsna rolunun olduğunu qeyd edib. 

Gülnaz İsrafilova daha sonra Missiya Media Qrupu və qurumun rəhbəri Ramin Əhmədovla bağlı da fikirlərini bölüşüb. O, Ramin Əhmədovun rayonun şəhid ailələri, qaziləri, eləcə də aztəminatlı ailələr üçün gördüyü işlərin əvəzsiz olduğunu, rayonun ictimai-siyasi həyatında nümunəvi fəaliyyət nümunələri yaratdığını bildirib. 
Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov da öz növbəsində qeyd edib ki, rəhbərlik etdiyi təşkilatların xətti ilə bundan sonra da müxtəşlif sosial layihələr həyata keçiriləcək. Ramin Əhmədov taleyinə həyatın sınağı yazılmış insanların cəmiyyətin diqqət və qayğısı ilə əhatələnməsinin əhəmiyyətini də vurğulayıb. 

O, Azərbaycan dövlətinin, Prezident İlham Əliyev və Birinci  Vitse-prezident Mehriban xanım Əliyevanın fiziki məhdudiyyərli şəxslərə xüsusi qayğısının hamıya örnək olduğunu qeyd edərək bu istiqamətdə səylərin birləşdirilməsinin olduqca vacib olduğunu önə çəkib. 
Daha sonra çıxış edən Ağsaqqallar Şurasının Nizami Rayon Təşkilatının sədri  Mayıl Əliyev, I Qarabağ Müharibəsi veteranı Sevda Səfərova, Nizami rayon sakini olan fiziki məhdudiyyətli şəxslər Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini, şanlı Zəfər tariximizin sevincini yaşadıqlarını vurğulayıb, bugünkü tədbirin təşkilinə görə Missiya Media Qrupuna və Nizami rayon İcra Hakimiyyətinə təşəkkürlərini ifadə ediblər. 
Sonra tədbir iştirakçılarının hər birinə ərzaq sovqatı təqdim olunub. 

Qeyd edək ki, bu kimi tədbirlər Missiya Media Qrupunun iştirakı ilə mütəmadi olaraq təşkil olunur.

 

  
 
 


  • 2-12-2021, 16:52