
Daşınmaz əmlak bazarında son illərdə ciddi şəkildə qiymət artımları baş verir. Satılan əmlaklara nəzər salsaq, bu daşınmaz əmlakların əsas hissəsi müxtəlif kreditli şərtlərlə satılan əmlaklardır ki, ilk növbədə ipoteka krediti ilə verilən mənzillərə daha çox üstünlük verilir. Hazırda son bir neçə ilin statistikasına nəzər salsaq, ortalama son 3 ildə satılan əmlakların təxminən 65-70 faizə qədər hissəsi müxtəlif növ kreditli şərtlərlə satılan əmlaklardır.
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev Missiya.Az-a açıqlamasında deyib ki, mənzil bazarında müştəri çoxluğu daha çox ipoteka ayrılan zaman müşahidə olunur:
“Əsas səbəb isə vətəndaşların kreditli şərtlərlə mənzillər axtarmasıdır. Paytaxt Bakının mərkəzi və mərkəzə yaxın yerlərdə ipoteka predmetinə çevrilə bilən əmlakların satış qiymətlərinin kəskin bahalığı, saylarının məhdud olmasından artıq alıcıların bir hissəsi Bakı ətrafı ərazilərə üz tuturlar. Nəticədə həmin yerlərdə daşınmaz əmlaklara tələbat çoxalır. Beləliklə sözügedən ərazilərdə də bir sıra qiymət artımı baş verir”.

Ekspert əlavə edib ki, digər tərəfdən paytaxtın mərkəzi ərazilərində artıq torpaqların dövlət ehtiyacı üçün alınması prosesi gedir ki, bu zaman da insanların evləri sökülərkən onlara mənzil yox kompensasiya olaraq pul verilir:
“Onlara ödənilən pullarla da əmlak bazarında müştəri çoxluğu yaranır. Evlərin sökülənlərin böyük bir hissəsi Bakı ətrafı ərazilərə, xüsusilə Abşeron, Xırdalan, Masazır və digər ərazilərə gedir. Həmin yerlərdəki əmlak qiymətləri mərkəzə nisbətən daha ucuzdur. Bu baxımdan paytaxt ərazisində söküntülər getməsi paytaxt əhalisinin bir hissəsinin Bakı ətrafı ərazilərə üz tutmasına səbəb olur. Bu digər ərazilərdə müştəri çoxluğu ilə bərabər, həmçinin yaxın gələcəkdə paytaxt ərazisində insan sıxlığının qarşısını alacaq”.
Zərintac Mayisqızı
Missiya.Az