AZ   |   RU
Ramiz Mehdiyevin məhkəmədə dindirilməsi istənildi

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Missiya.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyevin vəkili çıxış edərək müvəkkilinin səhhətində problem olduğunu, müalicə müəssisəsində saxlandığını bildirib. O, Rasim Quliyevin ev dustaqlığına buraxılmasını istəyib.

Bundan başqa vəkillər Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalubovun və Prezident Admistrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəmədə şahid qismində dindirilməsini xahiş edib. Vəkillər hər iki şəxslə bağlı cinayət işində epizodlar olduğunu bildirib.

Prokuror Ramiz Mehdiyevin dindirilməsinə zərurət olmadığını, bu hissədə vəsatətin təmin edilməməsini, vəsatətin Hacıbala Abutalıbovun dəvət olunması ilə bağlı hissəsini isə məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Vəsatətlər təmin edilməyib və məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Proses dekabrın 9-da davam etdiriləcək.

Qeyd edək ki, Rasim Quliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilir.

O, 2010-2018-ci illərdə BŞİH-də Aparat rəhbəri olub. R.Quliyev keçmiş icra başçısı Hacıbala Abutalıbovun yaxın kadrlarından biri hesab edilirdi. 

"Qafqazinfo" 


  • 29-11-2021, 20:32