Türk Ağsaqqalları İctimai Birliyi -TAİB-in mərkəzi ofisində “Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yerli icmaların rolu” mövzusunda dəyirmi masa keçirilib.
Missiya.Az xəbər verir ki, tədbirdə TAİB-in İdarə Heyəti, Qadınlar Şurası və Gənclər Təşkilatının üzvləri, ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan TAİB-in sədr müavini Eyvaz Hümbətov qonaqları salamlayaraq, Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini, bu əməkdaşlığın uğurlu nəticələrinin olduğunu diqqətə çatdırıb. E. Hünbətov münasibətlərin inkişafında həm Türkiyədəki azərbaycanlı icmaları, həm də buradakı Türkiyə təmsilçilərinin üzərinə də böyük vəzifələr düşdüyünü vurğulayıb.
Dəyirmi masada İzmir Azərbaycan Dərnəyinin sədri Pərviz Altay iki ölkə arasındakı mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə qurduqları dərnəyin fəaliyyətindən söhbət açaraq, bu dərnəyə günbəgün marağın artdığını diqqətə çatdırıb. O, iki ölkə arasında münasibətlərin inkişafında ölkələrimizdə fəaliyyət göstərən yerli icmaların da rolundan danışaraq, xalqlarımızın tarixi qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinin önəmini vurğulayıb.
İzmir Azərbaycan Dərnəyinin sədr müavini Cavid Əliyev bildirib ki, həm Azərbaycan dövləti, həm də Türkiyə tərəfindən ölkədə fəaliyyət göstərən icmaların formalaşmasına və inkişafına daim ciddi diqqət göstərilir. Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.
TAİB-in Beynəlxalq məsələr üzrə sədr müavini Elnur Eltürk və TAİB İdarə Heyətinin üzvləri Məcid Hacıyev, Ramiz Məşədihəsənli, Yusif Əlizadə çıxış edərək dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğunun getdikcə daha da möhkəmlənməsindən, tarixin bütün sınaqlarından iki ölkənin böyük uğurla, üzüağ çıxmasından söhbət açıblar.
TAİB təmsilçiləri də çıxışlarında əlaqələrin inkişafında icmaların oynadığı roldan bəhs ediblər. Sonda iki ölkə arasında yeni əməkdaşlıq imkanları və perspektivlər dəyərləndirilib.
Nurlana Əhmədova
Missiya.Az


